Logo

Daşkənddə “Maqsud Şeyxzadə: azadlığa can atan şair” sənədli filmi təqdim edilib

15.09.2021 17:34 305 baxış
IMG

Daşkəndin “Ədiblər xiyabanı”nda özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış azərbaycanlı Maqsud Şeyxzadəyə həsr olunmuş “Maqsud Şeyxzadə: azadlığa can atan şair” sənədli filminin təqdimat mərasimi keçirilib.

Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan diasporunun nümayəndələrinin, tələbələrin və KİV təmsilçilərinin iştirak etdiyi mərasimi Daşkənd Nəqliyyat Universitetinin rektoru Adil Əbdürrəhmanov açıb. Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verən rektor məşhur soydaşımızın özbək ədəbiyyatı tarixində müstəsna xidmətlərindən danışıb.

Tədbirdə akademik, şairin yaradıcılığının tədqiqatçısı Naim Kərimov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Özbəkkino” Milli Agentliyi baş direktorunun birinci müavini Şuxrat Rizayev və başqaları çıxış ediblər. Natiqlər Maqsud Şeyxzadənin görkəmli özbək şairi Əlişir Nəvai irsinin tədqiqatçısı olduğunu, pyeslərinin Şekspirin “Hamlet”, “Otello”, “Kral Lir” əsərləri ilə müqayisə edildiyini, böyük özbək şairi Şükrullanın onu “özbək ədəbiyyatının Şekspiri” adlandırdığını, “Mirzə Uluğbəy”, “Cəlaləddin Manguberdi” kimi tarixi əsərlərinin təkcə Özbəkistanda və Azərbaycanda deyil, bütün Şərq aləmində şöhrət qazandığını xatırladıblar.

Bildirilib ki, Hüseyn Cavid, Abdulla Şaiq kimi Azərbaycan klassiklərindən dərs alan Maqsud Şeyxzadə iki xalq arasında əbədi dostluq körpüsü yaradıb. Azərbaycanda “Nizami Gəncəvi ili”nin elan olunduğu, Özbəkistanda Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd edildiyi bir vaxtda onun haqqında filmin təqdim edilməsinin rəmzi məna daşıdığı vurğulanıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib” fikri yada salınıb. Azərbaycan əsilli ədibin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyi, “Böyük xidmətləri üçün” ordeni və digər mükafatlarla təltif olunduğu nəzərə çatdırılıb.

Tədbirin sonunda sənədli filmin yaradıcı heyəti filmin çəkilişi ilə bağlı təəssüratlarını bölüşüb və film nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, Özbəkistanın “First Art Media” şirkəti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə ərsəyə gələn filmin bir hissəsinin çəkilişləri böyük şairin vətəni Azərbaycanda, doğulduğu Ağdaş rayonunda aparılıb.

Xəbər lenti