Bu son günlərdə tariximizin ən şanlı, ən qürurverici səhifələrini yaşadıq. Bütün xalqın ürəyi bu 44 gündə bir amal, bir məqsəd üçün döyünürdü. Hər kəs torpaqlarımızın birləşməsi üçün ordumuzdakı hər bir əsgərin sağ-salamat evə dönməsi üçün dua edirdi. Xalqımızın birliyini 44 gündə o qədər gözəl gördük ki, hər kəs böyükdən kiçiyə əlindən gələni etməyə çalışdı. Kimimiz sosial media üzərində haqq səsini dünyaya çatdırırdıq, kimimiz yardım göndərir, kimimiz məktublar yazır, kimimiz isə dualarımızla dəstək olurduq. Əminəm ki, 44 gün ərzində hər birimiz çox qürurlu hislər yaşadıq.
Müzəffər Ordumuzun gücü və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, yenilməz iradəsi sayəsində bu günlərdə xalqımız qələbə bayramını qeyd edir. Bu qürurverici qələbə sevincini bizə yaşadan şəhidlərimizin və onların ailələri qarşısında baş əyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Şəhidlər ölməzdir, onlar daima bizim qəlbimizdə yaşayacaqlar.
Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun Ali Baş Komandanımıza!
Qarabağ Azərbaycandır!!!
Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin II kurs tələbəsi Aytac Ağayeva