Logo

Təhsil İnstitutu “E-ticarət və tələb etdiyi bilik-bacarıqlar” adlı vebinar təşkil edəcək

16.09.2021 12:47 440 baxış
IMG

Təhsil İnstitutu sentyabrın 22-də “E-ticarət və tələb etdiyi bilik-bacarıqlar” adlı vebinar keçirəcək.

İnstitutdan bildirilib ki, tədbir “İş dünyası və ali təhsildə trendlər” silsilə vebinarlar çərçivəsində reallaşacaq.

Tədbirin spikeri “Amazon” şirkətinin Avropa İttifaqı üzrə mərkəzində biznes-analitik vəzifəsində çalışan Yaşar Əhmədov olacaq. Yaşar Əhmədov 2007-2011-ci illərdə Türkiyənin Orta Doğu Texniki Universitetində sənaye mühəndisliyi ixtisası, 2013-2015-ci illərdə Finlandiyanın Vaasa Universitetində sənayenin idarə edilməsi ixtisası, 2020-2021-ci illərdə isə Massaçusets Texnologiya İnstitutunda təchizat zəncirlərinin idarə edilməsi ixtisası üzrə təhsil alıb. O, dünyanın ən böyük kimya istehsalçısı “BASF” şirkətinin Sumqayıtdakı zavodunda anbardar, “Karbamid zavodu” layihəsində məsləhətçi, Nestle şirkətində azsaylı yerli mühəndislərdən biri kimi çalışıb. Daha sonra “BASF” şirkətinin Sumqayıt şəhəri üzrə istehsalat müdiri və Dubay şəhərində istehsalın planlaşdırılması üzrə mütəxəssis işləyib.

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün Təhsil İnstitutunun saytında yerləşdirilən linkdə sentyabrın 20-dək qeydiyyatdan keçmək xahiş olunur.

Xəbər lenti