Logo

Elm və yüksək texnologiyanın vəhdəti olan parkdan REPORTAJ

16.09.2021 13:59 461 baxış
IMG

Həyətində bəzən dronlar uçuşur, ərazisinə iri yük avtomobilləri tez-tez girib-çıxır. Hündür hasarlarının olması isə onun haqqında fikirləri tam formalaşdırır. Yəqin bura hansısa xüsusi təyinatlı obyektdir.

Amma əslində isə adındakı “park” sözü ona daha uyğundur. Necə ki, parkda müxtəlif attraksionları görürük burada da fərqli istehsalat müəssisələri var. Kimisi neftdən yağ, alır, digəri kartofdan çipsi hazırlayır, başqası isə qablaşdırmada xüsusi əhəmiyyəti olan streç hazırlayır. Özü də nə az, nə çox qalınlığı düz millimetrdən min dəfə nazik. Digər biri isə parkda uşaqların işıqlı təyyarə uçurtduğu kimi dron uçurdur.

Bir çoxlarının nəzərində ilkin olaraq başqa təəssürat yaradan Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (AMEA YTP) əslində əsl istehsalat məkanıdır.

YTP Azərbaycan Respublikasının Prezidentinin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Bu müəssisənin yaradılması yüksək texnologiyaların hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılmasına şərait yaradır, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazanın formalaşmasına kömək edir.

Hazırda "AMEA Təcrübə-Sənaye Zavodu" MMC, "Elm və Texnologiya Parkı" MMC, "Millers Oils Azerbaijan" MMC, “Azeltech” MMC, “Buta Armor” MMC, “INKOR” MMC, “Aşqar” Elmi İstehsalat Birliyi, “Buta Armor Technologies” MMC, “Bakı Polimer İstehsalat” MMC, “Dadaş-N” MMC, “AZCOSMETICS GROUP” MMC, “TAK NOOSH GROUP” MMC, "PROLINE CHEMICALS" MMC, "AZOIL INDUSTRY" MMC YT Parkın rezidentləridir.

Yüksək Texnologiyalar Parkının Baş direktoru Vasif Abbasov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən danışarkən qeyd edir ki, ölkəmizdə elmin və innovasiyanın inkişafı naminə atılan addımlardan biri də məhz AMEA YTP-nin yaradılmasıdır:

“Texnoparkın rezidentləri və Akademiyanın institutları arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, AMEA institutları alimlərinin müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin Yüksək Texnologiyalar Parkında reallaşdırılması həyata keçirilir. Rezidentlərlə institutların əməkdaşlığı sahibkarın qazanc əldə etməsi ilə yanaşı elmi-texniki tərəqqiyə də xidmət edir”.

Baş direktor texnoparkda yer əldə edən rezidentlərə bir sıra güzəştlərin olduğunu da qeyd edir və bildirir ki, bu istehsala stimul verir:

“Texnoparka rezidentliyə qəbul olunan şirkətlərə müvafiq imtiyazlar təqdim edilir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlər tətbiq olunur.

Bununla yanaşı, Yüksək Texnologiyalar Parkının rezidentləri qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xətləri ilə təmin olunur. Bu isə sahibkarların daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradır”.

Parkın ərazisi və rezidentləri ilə bizi tanış edən YTP-nin İcraçı direktoru Zaur Nəhmətov qeyd edir ki, ümumi ərazisi 20 hektar olan Texnoparkda bütün rezidentlərə bərabər şərait yaradılıb.

Söhbət əsnasında Texnoparkın ilk və ən böyük rezidenti olan AMEA Təcrübə-sənaye zavodunun (TSZ) fəaliyyəti ilə tanış olduq.

Zavod 1974-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılıb. Qeyd edək ki, AMEA Təcrübə-sənaye zavodu ölkəmizdə bu tipli ilk və yeganə təcrübə-sınaq müəssisəsidir.

TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.

Müəssisənin ərazisində bizi qarşılayan zavodun İcraçı direktoru Səxavət Rüstəmov hazırda zavodda 80 növdən artıq məhsul istehsal olunduğunu bildirir:

“Çeşidlərimizə yarımsintetik, mineral mühərrik, transmissiya, hidravlika, sənaye yağları, sürtkülər, sürtük materialları daxildir. Hələlik məhsullar ixrac edilməsə də sifariş əsasında həyata keçirilə bilər".

Fürsətdən istifadə edib mütəxəssisdən sürücüləri ən çox maraqlandıran suallardan birinə cavab da öyrənirik. Avtomobil üçün düzgün yağ necə seçilməlidir?
Səxavət Rüstəmov də təsdiq edir ki, yağın düzgün seçilməsi önəmli məsələdir:

“Bir çox hallarda müştərilər yağı düzgün seçmir və mühərrikdə problem yaranır və bu da müştəri ilə istehsalçı arasında narazılığa gətirib çıxarır. Adətən yağ düzgün seçilməyəndə mühərrikdə müəyyən səslər əmələ gələ yaxud tamamilə sıradan çıxa bilər. Həmçinin belə hallarda yağın uçması və ya keyfiyyətini tez itirməsi halları baş verə bilər.

Dünyanın iri yağ istehsalçı şirkətləri özlərinin internet resurslarında xüsusi bölmə yaradıblar. Həmin bölmədə avtomobil istifadəçisi nəqliyyat vasitəsinə məxsus bəzi məlumatları daxil etməklə doğru yağ seçimini edə bilər. Yaxud da bununla bağlı mütəxəssisə müraciət etmək lazımdır ki, o düzgün seçim üçün dəstəyini əsirgəməsin”.

TSZ-nin anbarına göz gəzdirəndə görürük ki, burada adətən yeni avtomobillərin mühərriyində istifadə edilən tam sintetik yağlar gözümüzə dəymir. Səbəbini soruşuruq. Cavab belə olur ki, həmin tip yağların istehsalı üçün zavodda hər cür imkanlar var:

"Amma biz bu yağların müxtəlif marka avtomobillərdə istifadəsi üçün həmin nəqliyyat vasitələrini istehsal edən şirkətlərdən lisenziya almalıyıq. Bu isə təbii ki, müəyyən maliyyə hesabına başa gəlir”.

Zavoddan ayrılıb onun yanındakı rəngbərəng laboratoriyaya baş çəkirik.

AMEA YTP Strateji Elmi-Analitik Sınaq Mərkəzində bizi “İntertek Azeri LTD” şirkətinin baş mütəxəssisi Famil Məmmədov məlumat verir. Laboratoriyada olan qurğular haqqında məlumat verən baş mütəxəssis qeyd edir ki, burada neftdən Aİ-92 və Aİ-95 benzin də almaq mümkündür:

“Gördüyünüz bu qurğuda neft və neft məhsullarının fraksiyalı distillasiyası gedir. Fraksiyalı distillasiya zamanı neft kolbaya daxil olur və benzin, kerosin, dizel, mazut, yağ kimi ayrı-ayrı fraksiyalar alınır. Hər bir fraksiya üzrə testin aparılma müddəti təxminən 12 saat çəkir. Quraşdırılmadan sonra müxtəlif mərhələlərlə ayrı-ayrı fraksiyalar ayrılır. Birinci mərhələdə benzin fraksiyası ayrılır. Bundan sonra sistem soyudulur və yenidən qızdırılır. Bu zaman isə ikinci mərhələ başlayır. Bu kerosinin alınması mərhələsidir. Həmin mərhələdən sonra təzədən dizelin alınması mərhələsi başlayır. Yerdə qalan hissə isə mazut hissədir. Mazut vakuum altına salınır və müxtəlif yağ fraksiyaları alınır. Nəticədə yerdə bir məhsul qalır. Bu da qudron adlanır. Qudrondan isə asfalt-betonun alınmasında istifadə olunur.
Bu proseslərin hər bir mərhələsi 12 saat çəkir. Bir gündə iki mərhələni həyata keçirmək mümkündür, amma ümumi olaraq 3 gün ərzində yekunlaşır.

Bura zavodun kiçildilmiş modelidir. Əgər hansısa müştəri yaxud zavod neft almaq istəyir və bilmək istəyir ki, alacağı neftin tərkibindən hansı məhsulları ala bilər bizə neft nümunəsi təqdim edilir və laboratoriyada ayrılan hər bir fraksiya analiz olunur, onun miqdarı və keyfiyyət göstəriciləri təyin edilir. Hətta neftdən alınacaq benzinin Aİ-92 yaxud Aİ-95 olacağını da müəyyən etmək mümkündür”.

Famil Məmmədov deyir ki, müəssisə YTP-nin ərazisində yerləşməyinə baxmayaraq kənar sifarişləri də yerinə yetirmək imkanına malikdir.

Texnoparkın ərazisində olan maraqlı müəssisələrdən biri də çipsi istehsalı ilə bağlı olan “TAK NOOSH GROUP” MMC-dir. Avadanlıqları tam quraşdırılan və qarşıdakı vaxtlarda istehsalına başlanacaq müəssisədə 60 nəfər çalışacaq. Şirkətin Texnoparkın ərazisindəki fəaliyyətinin əhəmiyyəti ilə bağlı məlumat verən AMEA YTP-nin İcraçı direktoru Zaur Nəhmətov deyir ki:

“Tak Noosh Group” MMC Azərbaycanda Çipsi istehsal edəcək və artıq avadanlıqlar idxal edilib. İlkin mərhələdən 60 nəfər Azərbaycan vətəndaşı işlə təmin ediləcək. Daha sonra isə müəssisədə çalışan əməkdaşların sayı 2 dəfəyə qədər artırılacaq.

Bu müəssisənin bizim üçün başqa bir əhəmiyyəti də var. Bildiyiniz kimi çipsi üçün istifadə olunan kartof sortu Azərbaycanda əkilmir, İrandan idxal edilir. Amma bu şirkət Mikrobiologiya İnstitutu ilə əməkdaşlıq şəraitində onlara sifariş verəcək. Biz istəyirik ki, əməkdaşlıq nəticəsində kartof idxal olunmasın, ölkəmizdə əkilsin.

Ümumiyyətlə bura hansı rezident qəbul olunursa mütləq Azərbaycan Milli Elmlər Akademiyasının hansısa institutu ilə əməkdaşlıq qurulur. Bu təkcə sahibkarın biznes qurub qazanmasına deyil, elmi araşdırmaya da təkan verir. Reallıq budur ki, sahibkar belə bir tədqiqatı apara bilmir, o zaman bizin müvafiq institutlarımız bu işi həyata keçirir”.

Elə buradaca öyrənirik ki, Texnoparkın başqa bir rezidenti AMEA-nın institutlarından biri ilə əməkdaşlığa başlayıb.

“Bakı Polimer İstehsalat” MMC də Polimer Materialları İnstitutu ilə əməkdaşlığa başlayıb. Müəssisə bildirir ki, onlara bəzi məhsullar lazımdır. Əgər həqiqətən də institut onların istədiyi məhsulu verə biləcəksə MMC müəyyən məbləğdə vəsait ödəməyə hazırdır”,- deyə Zaur Nəhmətov əlavə edir.

“Tak Noosh Group” MMC-nin zavodunda istehsal prosesi getməsə də onun divar qonşusu olan “Bakı Polimer İstehsalat” MMC-də qızğın iş gedirdi. Zavodun aparıcı ustası Sənan Əmirov istehsal olunan streçlər haqqında məlumat verərək bildirir ki, burada iki növ streç istehsal olunur:

“Sutkalıq istehsal gücümüz təxminən 4-6 ton arasıdır. Streçlərin qalınlığı 8-50 mikron (1 mikron milli metrin mində birinə bərabərdir) arasında dəyişir.
Əsasən texniki streç sənaye müəssisələrində məhsulların, poletlərin qablaşdırılmasında istifadə olunur. Yəni məhsul poletə yığılır və qablaşdırılır. Bu isə daşınmanı rahatlaşdırır.

İşlərimiz demək olar ki, tam avtomatlaşdırılıb. Burada insan əməyindən çox az istifadə olunur. Müəssisəmizdə iş rejimi üçnövbəlidir və hər növbə üzrə cəmi 2 əməkdaş çalışır. Qıda streçlərindən isə daha çox qida sənayesində, restoranlarda istifadə olunur”.

Streç istehsalı məntəqəsindən ayrılanda Zaur Nəhmətov bu yaxınlarda ixtiraçı əməkdaşlardan birinin dron müsabiqəsində qalib gəldiyini bildirir. Təbii ki, həmin gənclə danışmamaq olmazdı.

Elm və Texnologiyalar Parkının avtomatika üzrə baş mütəxəssisi Nadir Babaxanov onun işləyib yaratması üçün ayrılan xüsusi yerdə bizi qarşılayır. Zavodun ərazisinə daxil olduğumuzdan bəri ilk qadağa ilə rastlaşırıq. İş prosesini çəkmək istəyən foto operatorumdan xahiş olunur ki, yeni ixtiranın sxeminin fotosu çəkilməsin. Tez bir zamanda dronların olduğu zala daxil oluruq. Hətta demək olar ki, bura dron uçuşu üçün əsl meydandır.

Müsahibəyə başlayan mütəxəssis deyir ki, Texnoparkda müxtəlif təyinatlı dronların hazırlanması həyata keçirilir:

“Hazırda biz burda dronların və digər layihələrin avtomatlaşdırılması ilə məşğuluq. Bizim bu gün əlimizdə olan 3 əsas növ dron təyinatı var. Həmçinin müxtəlif sifarişlərə uyğun dronlar da yığırıq. Misal üçün hərbi təyinatlı, SOCAR və Kənd Təsərrüfatı Nazirliyinin sifarişinə uyğun dronlar da yığılır. Ən əsas 3 növ dron isə AMEA-nın institutlarına görə yığılan “Albatros” adlı dronlardır. Həmçinin “Qızılquş” dronları da var ki, onlar “Albatros”dan bir qədər güclüdür. Hətta 1,5 kq həcmində yük də daşıya qaldırmaq və 30-35 dəq uçuş qabiliyyətinə malikdirlər. Həmçinin bizdə “NF010” tipli dronlar da var ki, onlar multispektral kamera ilə təchiz olunub. Bu dron uçuş zamanı müxtəlif bitki və gübrələri analiz edir. Biz dron üçün missiya yazırıq və bu missiya əsasında dron hesablayır ki, harada və hansı hündürlükdə şəkillər çəkmək lazımdır. Uçuşdan təxminən 2 saat sonra biz bilirik ki, bizim çəkdiyimiz ərazidə olan bitkilər hansı xüsusiyyətlərə malikdir. Bu dronlar 45 dəqiqə ərzində uça bilir. Təbii ki, dronun uçuş məsafəsini artırıb-azaltmaq olar və bu qiymətə də təsir edir. Hazırda 10 km məsafəyə qədər uça bilən dronlarımız mövcuddur.

Bütün dronlarda ön hissəni görmək üçün fiks kamera olur. Amma sifarişçinin istəyi ilə əlavə kamera da quraşdırıla bilər. Adətən yük götürmə qabiliyyəti olan dronlara əlavə kamera yaxud radio detektorlar quraşdırılır. Bizim Almaniyadan gələn mütəxəssislərlə layihəmiz var idi. Onlar özləri ilə qaz detektoru gətirmişdi və bizim mütəxəssislər onunla birgə gedib palçıq vulkanlarının qazlarını analiz etmişdilər”.

Ondan hansı müsabiqədə və hansı dronla qalib gəlməsi haqqında da soruşuram:

“YTP-nin keçirdiyi müsabiqədə iştirak etmişəm. Orada “Göz N1” adlı pilotsuz uçuş aparatını təqdim etmişəm və hazırda onun üzərində işlər gedir. Həmin dronun aşağı hissəsi gözə oxşadığı üçün belə adlandırılıb. Bu dron həm kamikadze rolunu oynaya, həm kəşfiyyat məlumatları əldə edə bilər. Həmçinin fövqəladə hallar zamanı hansısa təhlükəli əraziyə insan göndərmək risklidirsə onun yerinə dron gedə bilər. Bu aparat tam modul olduğu üçün onun orta hissəsini dəyişmək olar. Ora həm partlayıcı qoymaq mümkündür, həm də FHN-in istifadə etdiyi xüsusi maddə olar “Şar N1” maddəsini yerləşdirmək olar. Hansı ki, hadisə baş verən ərazidə partlayır və hadisənin qarşısı alınır”.

Artıq 4 saatdan çoxdur burdayıq. Qayıtmaq vaxtıdır. Çıxışa yaxınlaşanda bir qədər aralıda gözəl rənglənmiş bina diqqətimizi cəlb edir.

Texnoparkın İcraçı direktoru Zaur Nəhmətov həmin binanın yeni rezident üçün rekonstruksiya olunduğunu və yaxın aylarda nanotexnologiyalar əsasında hidrofob və antistatic qoruyucu təbəqə yaradan yuyucu vasitələrin kütləvi istehsalının həyata keçiriləcəyini qeyd edir. Tezliklə həmin müəssisədən də reportaj hazırlamaq ümidi ilə Texnoparkdan ayrılırıq.

Report

Xəbər lenti