Bakıda rəsmi səfərdə olan Antalya Bilim Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində qonaq olub. Rektor professor Gəray Gəraybəylinin salamlarını qonaqlara çatdıran ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, türkiyəli mütəxəssislərə universitetin tarixi, müasir dövrdəki fəaliyyəti və beynəlxalq əlaqələri barəsində məlumat verib.
Türkiyənin elm və təhsil qurumları ilə geniş əlaqələrdən bəhs edən Orxan İsayev bildirmişdir ki, Antalya Bilim Universiteti ilə də, əməkdaşlıq əlaqələrinin qurulması istiqamətdə də konkret addımlar atmağa bütün lazımi imkanlar mövcuddur. Qonaqlara həmçinin, universitetin strukturu, fakültələri, tədris proqramları və ATU-nun nəzdində fəaliyyət göstərən klinikaların işi haqqında bəhs edilib.
ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov elmi istiqamətdə görülən işlər haqqında geniş məlumat verib. ATU-nun Scimago beynəlxalq reytinq siyahısına daxil olduğunu bildirən prorektor, yüksek impact faktorlu jurnallarda çap olunan məqalə sayında artım hiss olunduğunu bildirib. Türkiyə universitetləri ilə birgə layihələr haqqlnda danışan Rauf Bəylərov, Antalya Bilim Universiteti ilə elm sahəsində də əməkdaşlığa hazır olduğunu ifadə edib.
Antalya Bilim Universitetinin prorektoru professor Dr. Hamza Kandur təmsil etdiyi ali təhsil ocağı haqqında danışıb. Qeyd edib ki, dünyanın 74 ölkəsindən tələbələri olan Antalya Bilim Universitetində 20-yə yaxın ölkənin professorları və mütəxəssisləri dərs deyir. Antalya Bilim Universitetinin nəzdində 7 fakültə ilə yanaşı həm də peşə məktəbləri və institutlar fəaliyyət göstərir. Dünyanın dörd yanından gələn tələbələr xüsusi kampusda yaşamaq imkanı qazanırlar. Universitet dünyanın bir çox məşhur ali təhsil qurumları ilə əməkdaşlıq edir.
Görüşdə ATU ilə Antalya Bilim universiteti arasında əməkdaşlıq planları, bu qurumun Bakıda yaradacağı laboratoriyada ATU tələblərinin praktika keçə bilməsi və digər məsələlər müzakirə olunub.
Görüşdə Referans Medical Qrupun təşkilat-nəzarət və Audit Departamentinin müdiri Azər Qasımov, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdir, dosent Müşfiq Orucov, Antalya Bilim Universitetinin patoloji uzmanı Dr. Cem Sezer, Referans Medical Qrupun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fəridə Rəhimbəyova iştirak ediblər.