Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu il də sahədə yay istehsalat təcrübəsi keçiblər.
Onlar il ərzində öyrəndiklərini yay təcrübəsində iştirak etməklə zənginləşdirirlər. Ali Məktəbin IV kurs Kimya mühəndisliyi ixtisasının tələbələri bu yay Sumqayıtda yerləşən SOCAR Karbamid zavodunda istehsalat təcrübəsində olublar.
Zavodda təcrübədə olan tələbə Günel Hüseynli yay istehsalat təcrübəsinin vacib olduğunu hesab edir və təəssüratlarını bölüşür:
“Bu yay proses mühəndisi kimi SOCAR-ın Karbamid zavodunda istehsalat təcrübəsində oldum. Bu, mənim zavodda keçirdiyim ikinci təcrübə idi.
Qürur duydum ki, bizim komandanın rəhbəri BANM məzunu olmuş zavodun qurğu rəisi Murad İsmayılov idi.
Onun bələdçiliyi ilə təcrübə proqramı müddətində zavodun bütün hissələri, xüsusilə karbamid istehsalı bölməsindəki proseslərlə yaxından tanış olduq. Zavodda son texnologiyaya əsaslanan sistemlər və cihazlar gördük. Ali Məktəbimizdə yiyələndiyim biliklər mənə zavodda aparılan bütün prosesləri təhlil və dərk etməyə böyük kömək oldu. Öyrətməyə həvəsli və təcrübəli mühəndisdən ixtisasımla bağlı dəyərli biliklər qazanmaq üçün bu proqram əvəzolunmaz şans idi”.
BANM tələbəsi SOCAR-ın Karbamid zavodunun təcrübə qazanmaq və prosesləri dərindən öyrənmək üçün çox faydalı zavod olduğunu da əlavə edib.
O, həmçinin “SOCAR Polymer”də təcrübə imkanından yararlanıb və burada SƏTƏM üzrə təcrübə keçib.