Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının təhsil ocağının 100 illik yubilyinə həsr olunmuş iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı onlayn formatda keçirilən iclasda əvvəlcə Azərbycan Ordusunun qazandığı qələbədən danışıb.
Professor Mustafa Babanlı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə ADNSU-nun tələbə və məzunlarının, həmçinin universitetin əməkdaşlarının da iştirak etdiyini xatırladıb və belə igidlərimizin dövlətimiz və universitet tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunacağını deyib. ADNSU-nun Elmi Şurasının universitetin 100 illiyi münasibətilə keçirilmiş iclasında şura üzvlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti oxunub və yekdilliklə qəbul olunub.
Sonra rektor M. Babanlı universitetin 100 illik yubilyi, yaranması, tarixi, ali təhsil müsəsisəsi kimi fəaliyyətə başladığı ilk gündən bu günə qədər keçdiyi inkişaf yolu haqda danışıb.
Mustafa Babanlı çıxışı zamanı 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə universitetin adının dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması ilə təhsil ocağının inkişafında yeni mərhələsinin başlandığını diqqətə çatdırıb. Qeyd edib ki, ADNSU həmişə Azərbaycanın elmi-texniki istiqamətini müəyyən edən ali təhsil müəssisəsi olub. Son illərdə isə təhsilə və tədrisə ayrılan diqqət sayəsində universitet bu missiyanı daha uğurla, müasir çağrışlara uyğun və geniş plarformada həyata keçirir. O, qeyd edib ki, tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsindən elmi nailiyyətlərin qazanılmasına, həmçinin beynəlxalq əlaqələrin yüksəldilmsinə qədər bütün istiqamətlərdə əsaslı nəticələr əldə olunub. Bu gün ADNSU-da müasir texnoloji vasitələrdən, onların yaratdığı imkanlardan ən yüksək səviyyədə istifadə olunur, universitetin maddi-texniki bazası tamamilə yenilənib və müasir standartlara uyğunlaşdırılıb.
Sonra ADNSU-nun dekan, prorektor və professor heyəti ADNSU-nun texniki profilli təhsil müəssisəsi olaraq elmin inkişafına, iqtisadiyyatımıza verdiyi töhfələrdən və son illər qazandığı uğurlardan bəhs ediblər, unversitet haqqında arzu və istəklərini bildirblər.
Sonda ADNSU-nun rektoru universitetin bütün əməkdaşlarını, tələbə və məzunlarını bir daha Azərbaycan Ordusunun qazandığı şanlı qələbə və 100 illik yubiley münasibəti ilə təbrik edib, onlara yeni-yeni uğurlar arzu edib.