Logo

BDU-da Qarabağ ruhu

16.11.2020 11:19 462 baxış
IMG

Qarabağlı fəxrlərimizin ruhu şad olur

18-ci yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

 

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

\

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

\

On səkizinci yazımız Bakı Dövlət Universitetinin Astrofizika  kafedrasının müdiri olmuş Rəhim Əyyub oğlu Hüseynovla bağlıdır.

\

Rəhim Hüseynov 1924-cü il sentyabrın 9-da Şuşa səhərin­də anadan olmuş­dur. 1940-cı ildə Bakıda orta məktəbi əla qiymətlə bitirərək, həmin il imtahansız olaraq Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1946-cı ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

 

1946-1949-cu illərdə "astrofizika" ixtisası üzrə aspiranturada təhsil almış, 1953-cü ildə astrofizika üzrə ilk elmlər namizədi, 1971-ci ildə isə ilk elmlər doktoru elmi dərəcələrini, 1977-ci ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müx­bir üzvü seçilmişdir. 1957-1960-cı illərdə AMEA Astrofizika Bölməsində şöbə mü­diri, 1960-1964-cü illərdə Şamaxı Astrofizika Rəsədxanasında elmi işlər üzrə direk­tor müavini, 1964-1975-ci illərdə isə laboratoriya müdiri vəzifəsində çalışmışdır.

 

Rəsədxanada işlədiyi 20 ildən çox müddətdə bu elm ocağının yaranması və inkişafında böyük əmək sərf etmişdir. 1957-ci ildə Yerin ilk süni peyki buraxılan ərəfədə R.Hüseynov həmin peyki müşahidə etmək məqsədilə universitetdə xüsusi stansiyanın yaradıcısı, rəhbəri və əsas aparıcısı olmuşdur.

 

Professor R.Hüseynov 1975-ci ildə Bakı Dövlət Universitetində təşkil olunmuş Astrofizika  kafedrasının müdiri təyin olunmuş, 17 il bu vəzifədə, 1992-ci ildən ömrünün sonuna qədər isə həmin kafedranın professoru vəzifəsində çalışmışdır. Beynəlxalq Astrono­mi­ya İttifaqının və Avropa Astronomiya Cəmiy­yətinin üzvü olmuşdur. "Şərəf nişanı" ordeni ilə təltif edilmiş, 2000-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

 

Baş Astronomiya (Pulkovo) Rəsədxanasında, Krım Astrofizika Rəsədxanasında, Moskva, Sankt-Peterburq, Kiyev universitetlərində, Rumıniya, Çexoslovakiya və Türkiyənin elmi təhsil mərkəzlərində və müəssisələrində çoxsaylı elmi məruzələr oxumuşdur.

 

Professor R.Hüseynovun elmi əsərləri Günəş atmosferinin radiooptik xüsusiyyət­ləri, Günəş alışmalarınin ilk fazası və onlarda gedən dinamik proseslər, pla­netar du­man­lıqlar və onların əsas parametrlərinin təyini və s. həsr olunmuş­dur. İlk dəfə Günəş alışmaları və radiopüskürmələrinin geniş diapazonda şüalan­masında məhəlli maqnit sahəsində relyativist elektronların əhəmiyyətli rol oynadığına aid hipotez irəli sürmüşdür.

 

Pla­netar dumanlıqlara qədər məsafənin və onla­rın nüvələrinin radiusunun yeni təyini üsullarını işləmişdir. 100-dən çox elmi əsərin, o cümlədən 70-dən çox elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün dərsliklərin müəllifi olmuşdur.

 

“Astronomiya Terminləri Lüğəti”nin işıq üzü görməsi də professor Rəhim Hüseynovun adı ilə bağlıdır. Birinci həmmüəllifi və redaktoru olan doqquz min söz və ya sözbirləşmələrindən ibarət bu üçdilliyin - Azərbaycanca-Rusca-İngiliscə lüğətin sonunda Günəş və Ay təqvimləri haqqında daha dəqiq hesablamalara əsasən mühüm əlavələr verilib.

 

 

Alimin tədqiqat işlərinin nəticələri dünyanın ən mötəbər elmi mərkəzlərində məşhur alimlər tərəfindən xüsusi qeyd olunub. Rəhbərliyi altında bir neçə fəlsəfə doktorluğu, 1 elmlər doktorluğu dissertasiyası müdafiə edil­mişdir.

 

Bir alim kimi professor R.Hüseynovu səciyyələndirən əsas cəhət onun məşğul olduğu problemləri dərindən bilməsidir. O, xalqını, Vətəni Azərbaycanı böyük məhəbbətlə sevirdi. Yeganə övladı - oğlu Fərhəng Hüseynov görkəmli bəstəkar idi. Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü. O, 2010-cu ilin əvvəlində 60 yaşında gözlənilmədən vəfat etdi. Bu itki Rəhim müəllimi həddindən artıq sarsıtmışdı.

 

AMEA-nın müxbir üzvü Rəhim Hüseynov 2012-ci ildə Bakıda vəfat etmişdir.

 

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Rəhim Hüseynovun dünyaya göz açdığı Şuşa şəhərində ən hündür nöqtəyə sancması görkəmli alimin ruhunu şad etmişdir.

 

 

Xəbər lenti