Logo

Ağdamda I Beynəlxalq elmi-praktik konfransın açılışı keçirilib

17.09.2021 18:13 646 baxış
IMG

Sentyabrın 16-da Ağdamda “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransın açılışı keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransdan öncə tədbir iştirakçıları Ağdam şəhərində Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığını, Çörək muzeyini, Ağdam Dövlət Dram Teatrını, Cümə məscidini və Mərkəzi meydanı ziyarət ediblər.

Konfransı açılış nitqi ilə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində AR Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov açıb. Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konfrans iştirakçılarına müraciəti səsləndirilib.

Daha sonra iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli çıxış ediblər.

Plenar iclasda UNEC rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış” mövzusunda çıxış edib.

Sonra AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri”, AMEA İqtisadiyyat İnstitutu “Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin rəhbəri, AMEA müxbir üzvü professor Akif Musayev “Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması məsələləri” mövzusunda çıxış ediblər.

Konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub.

Daha sonra yerli və xarici qonaqların iştirakı ilə sual-cavab sessiyası keçirilib.

Xəbər lenti