Türkiyənin Antalya Bilim Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev türkiyəli mütəxəssislərə ali məktəbin tarixi, müasir dövrdəki fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib.
Türkiyənin elm və təhsil qurumları ilə geniş əlaqələrdən bəhs edən O.İsayev bildirib ki, Antalya Bilim Universiteti ilə də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində konkret addımlar atmağa bütün imkanlar mövcuddur.
ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov isə qonaqlara elmi istiqamətdə görülən işlər haqqında məlumat verib. ATU-nun Scimago beynəlxalq reytinq siyahısına daxil olduğunu bildirən prorektor yüksək impakt faktorlu jurnallarda çap edilən məqalə sayındakı dinamikanı qeyd edib. Türkiyə universitetləri ilə birgə layihələr haqqında danışan R.Bəylərov Antalya Bilim Universiteti ilə elm sahəsində əməkdaşlığa hazır olduqlarını söyləyib.
Antalya Bilim Universitetinin prorektoru, professor Hamza Kandur təmsil etdiyi ali təhsil ocağı haqqında danışıb. Qeyd edib ki, dünyanın 74 coğrafiyasından tələbələri olan Antalya Bilim Universitetində 20-yə yaxın ölkənin professorları və mütəxəssisləri dərs deyir:”Antalya Bilim Universitetinin nəzdində 7 fakültə ilə yanaşı, həm də peşə məktəbləri və institutlar fəaliyyət göstərir. Dünyanın dörd yanından gələn tələbələr xüsusi kampusda yaşamaq imkanı qazanırlar. Universitet dünyanın bir çox məşhur ali təhsil qurumları ilə əməkdaşlıq edir”.
Görüşdə ATU ilə Antalya Bilim universiteti arasında əməkdaşlıq planları, bu qurumun Bakıda yaradacağı laboratoriyada ATU tələblərinin praktika keçə bilməsi və digər məsələlər müzakirə olunub.