Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi universitetin şəhid məzunu Mürsəl Kazımlının Suraxanı rayonu, Günəşli qəsəbəsindəki Şəhidlər xiyabanında məzarını ziyarət edib, sonra şəhidin ailə üzvləri ilə görüşüblər.
Bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, şəhidin atası Kamil Kazımov və anası Lalə Əliyeva övladları haqqında xatirələrini bölüşüblər.
UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Mürsəlin tələbəlik illərindən danışıb, onun savadlı, bacarıqlı, dərslərinə məsuliyyətlə yanaşan bir tələbə olduğunu deyib.
Sonra Mürsəl Kazımlının ailəsinə UNEC-in Fəxri fərmanı və xatirə hədiyyəsi təqdim edilib.
Qeyd edək ki, Mürsəl Kazımlı 1992-ci il iyulun 23-də Bakıda anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2010-cu ildə 613 balla UNEC-in Mühasibat uçotu və audit fakültəsinə qəbul olub. 2014-ci ildə universiteti zərbəçi kimi bitirib, sonra həqiqi hərbi xidmətə gedib.
Əmək fəaliyyətinə 2016-cı ildə 2 saylı Tibb kollecində mühasib kimi başlayıb. 2020-ci il Vətən müharibəsi günlərində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində döyüşüb. Oktyabrın 23-də Füzuli rayonunun Kürdlər kəndində qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.