18 sentyabr 2021-ci il tarixdə Ucar Gənclər Evində ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş məzunlarla görüş keçirildi. Görüşün keçirilməsində məqsəd 2020-2021-ci tədris ilində qəbul imtahanlarında yüksək bal toplayan tələbələri təltif etmək və onları stimullaşdırmaqdır.
Tədbirdə Ucar RİH başçısının müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon Təhsil şöbəsinin müdiri Rauf Memmedov , Ucar Gənclər Evi SXM-nin direktoru Elamin Dibirov , "Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazim Mammadov , tələbə və valideynlər iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu, ardınca torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi sükutla yad edildi. Tədbirdə iştirak edən qonaqlar çıxışlar zamanı gənclərə tələbəlik həyatında uğurlar arzu edərək onlara öz tövsiyyələrini söylədilər. Çay süfrəsi ətrafında keçən səmimi görüşdə tələbələr də öz fikirlərini bölüşdülər.
Tədbir tələbələrin diplom və hədiyyələrlə mükafatlandırılması ilə başa çatdı. Sonda iştirakçılarla xatirə şəkli çəkildi.
Məlumat üçün bildiririk ki, tədbir Ucar Gənclər Evinin təşəbbüsü və təşkilatçılığı, rayon Təhsil şöbəsinin dəstəyi ilə hazırlanmışdır.