Logo

“Ənənəvi təhsil virtual təhsildən hər zaman bir addım öndədir” - Müsahibə

25.09.2020 12:59 1343 baxış

Artıq iki həftədir ki, yeni tədris ili başlayıb. Təəssüflər olsun ki, COVID-19 pandemiyası səbəbindən bu il həmişəkindən fərqli olaraq, professor-müəllim heyətini və tələbələrimizi Universitet auditoriyalarında deyil, monitor qarşısından salamladıq.

Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi pandemiya şəraitində onlayn dərslərin gedişi, yeni tədris ilində məsafədən təhsilin keyfiyyətli təşkili və s. barədə mütəmadi olaraq professor-müəllim heyətinin fikirlərini ictimaiyyətə təqdim edir.

Növbəti müsahibimiz BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının dosenti Mehriban Ömərovadır.

-       Mehriban xanım, COVİD-19 pandemiyasının təhsilə təsiri haqda nə deyə bilərsiz?

- Əvvəla doğma Universitetimizin bütün əməkdaşlarını, əziz tələbələrimizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm, onların hər birinə uğurlar arzulayıram. İnanıram ki, 101 illik möhtəşəm tarixə malik Bakı Dövlət Universiteti yeni tədris ilində mühüm nailiyyətlərə imza atacaqdır.

Beşikdən qəbir evinədək öyrənmək prinsipini əsas tutan və hər zaman bunu tələbələrinə aşılayan bir müəllim kimi mən də xüsusi karantin dövründə təhsilin necə təşkil olunacağından narahat oldum. Yaranmış vəziyyətlə əlaqədar təhsil sistemi operativ olaraq tədrisi davam etdirmək üçün distant təhsil texnologiyalarına müraciət etməli oldu. Qeyd edim ki, distant tədris bir təhsil layihəsidir. Bu layihəni isə təhsil mütəxəssisləri kompleks qaydada həyata keçirə bilərlər. Təbii ki, bunun həllinə uzun vaxt və vəsait lazımdır. Bu müddət ərzində Universitetimizdə distant təhsil sahəsində konkret addımlar atılıb.

Pandemiya dövründə Bakı Dövlət Universitetində beynəlxalq virtual konfranslar, tədbirlər yüksək səviyyədə keçirildi. Həmçinin fakültələrdə kafedralar üzrə elmi və informasiya xarakterli ustad dərsləri, virtual seminarlar və görüşlər təşkil edildi.

Pandemiya səbəbindən Universitetimizdə ötən tədris ilinin ikinci semestri və yay imtahan sessiyası distant formada aparıldı. Bu dövrdə qısa müddət ərzində geniş imkanlara malik “Microsoft Teams” platforması üzərindən dərslər onlayn formada həyata keçirildi və ənənəvi təhsil distant təhsillə əvəz olundu. İlk günlərdə bəzi texniki çətinliklər yaşansa da, qısa zamanda tələbə və müəllimlər bunun öhdəsindən gəldilər. Buna görə də 2020/2021-ci tədris ilini uğurla başa vurduq.

-       Tələbələrə verməli olduğunuz bilikləri məsafədən təhsil formasında lazımınca ötürə bilirsinizmi?

- Bu tədris ilinin birinci semestrində tədris olunacaq fənlərin mühazirələri və tapşırıqları elekron formada hazırlanıb. Hər mövzuya uyğun elektron materiallar artıq platformada fənlərə uyğun olaraq yerləşdirilib. Tələbələr çox asanlıqla onlayn dərsdən sonra onlara lazım olan materialları sistemə daxil olaraq əldə edə, platforma üzərindən müəllimlərlə əlaqə saxlaya və müzakirələr apara bilirlər. Əlbəttə distant təhsil tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan verməsə də, düşünürəm ki, BDU kollektivi olaraq bu işin öhdəsindən uğurla gəlməyi bacarırıq.

-  Məsafədən təhsilin tələbələrin akademik göstəricilərinə təsiri olurmu?

- Ən müəkəmməl şəkildə təşkil edilsə, ən yüksək texniki imkanlardan istifadə olunsa belə, virtual təhsilin ənənəvi təhsillə müqayisədə özünü tam doğrultması mümkün deyil. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Əgər texnologiyalar və təlim metodu tələbə və müəllimin məqsədləri və imkanlarına cavab verirsə, distant təhsil ənənəvi təhsil forması qədər səmərəli ola bilər. Hesab edirəm ki, öyrənmək həvəsi olanlar üçün fərq etməməlidir, istər ənənəvi olsun, istərsə də distant.

- Mehriban xanım, pandemiyanın zərurətə çevirdiyi distant təhsilin üstünlükləri və çatışmazlıqları nədən ibarətdir?

- Ənənəvi təhsil virtual təhsildən hər zaman bir addım öndədir. Amma müəyyən zaman çərçivəsində distant təhsil sistemini elə qurmalıyıq ki, fərqi sıfıra endirmək mümkün olsun. Təbii ki, bunu da hər addımda beynəlxalq təcrübəyə əsaslanmaq və bu istiqamətdə xüsusi kadrların hazırlanması ilə həyata keçirmək olar. Distant təhsili ənənəvi təhsildən  fərqləndirən  əsas  amil,  burada  ünsiyyətin  internet üzərindən həyata keçirilməsidir. Bu əlaqə sinxron  və  asinxron ola bilər. Ümid edirəm ki, ölkəmizdə də beynəlxalq standartlar səviyyəsində distant təhsil sistemi formalaşacaq. Bunun üçün əlimizdə bütün imkanlar var.

-       Sonda tələbələrinizə, müəllim həmkarlarınıza nələr demək istərdiniz?

-  Təhsil vermək və təhsil almaq müqəddəs bir işdir, istər distant olsun, istər ənənəvi. Tezliklə həm müəllim, həm tələbə kollektivini yenidən sağlam bir şəkildə geniş, işıqlı auditoriyalarımızda görmək istəyir və bu müqəddəs işdə hər kəsə uğur arzulayıram.

Böyük filosof Nəsrəddin Tusinin dediyi kimi: “O adam ki bilir və biliyi ilə başqalarını heyran edir, o, alimdir, ona ehtiram edin. O adam ki bilir və biliyinə güvənmir, o, özündən xəbərsizdir, onu tənqid edin. O adam ki bilmir və öyrənməyə cəhd edir, o, zəhməkeşdir, ona kömək edin. O adam ki bilmir və öyrənmək də istəmir, o, ağılsızdır, ondan uzaq olun”.

Arzu edirəm ki, hər zaman, hər bir vəziyyətdə öyrənmək istəyənlərdən olaq!

Xəbər lenti