Logo

Professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş veb konfrans keçirilib

20.09.2021 16:09 563 baxış
IMG

Sentyabrın 19-da Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Respublika Dövlət Mükafatı Laureatı,  əməkdar elm xadimi, professor Tamerlan Əziz oğlu Əliyevin 100 illiyinə həsr olunmuş tibb tələbələrinin və gənc alimlərin beynəlxalq konfransı keçirilib. Onlayn formatda baş tutan konfransda Türkiyə, Özbəkistan, Almaniya, Belçikadan olan gənc alimlər, tələbələr, həkimlər, o cümlədən Azərbaycan Tibb Universitetinin və Naxçıvan Dövlət Universitetinin (NDU) müəllim və tələbələri iştirak ediblər.  

ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov açılış çıxışından sonra sözü ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərova verib. R.Bəylərov böyük alimin elmi fəaliyyəti haqda ətraflı məlumat verib. Sonra NDU-nun Tibb fakültəsinin dekanı Elsevər Əsədov, ATU-nun professoru Amaliya Əyubova, Türkiyə Yeditepe Universitetinin Ginekologiya kafedrasının müdiri, professor Erkut Ettar çıxış ediblər. Natiqlər professor T.Əliyevin həyatı və elmi fəaliyyyəti ilə bağlı keçdiyi şərəfli yoldan, tibb elminə verdiyi töhfələrdən söhbət açıblar.
Sonra ATU-nun tələbə dekanı, TEC-in üzvü Fidan Həsənli və ATU-nun II Müalicə-profilaktika fakültəsi TEC-in sədri Fidan Bəylərova moderatorlar kimi konfransın işini idarə ediblər. Konfransda müasir təbabətin aktual problemlərinə həsr olunmuş elmi araşdırmalar dinlənilib.

Almaniyadan Mehdi Əhmədpur, Cəlal Salatayi, Belçikadan professor Halid Topal, Özbəkistandan Sidiq Xocayevin təqdim etdiyi məruzələr iştirkçıların böyük marağına səbəb olub. Həmçinin konfransın yüksək səviyyədə təşkili təqdirəlayiq hesab edilib.

Sonda çıxış edən M.Həsənov tədbir iştirakçılarına və konfransın keçirilməsinə şərait yaratdığı üçün universitetin rektoru, professor Gəray Gəraybəyliyə dərin təşəkkürünü bildirib. Konfrans iştirakçılarının sertifikatla təmin ediləcəyi ilə bağlı məlumat verildikdən sonra tədbir başa çatıb.

Xəbər lenti