Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev və akademiyanın bir neçə əməkdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüblər.
Görüş zamanı rektor M.Babanlı son illər ərzində ADNSU-nun əldə etdiyi uğurlar və qarşıda duran vəzifələr barədə qonaqlara məlumat verib. Bildirib ki, Beynəlxalq Ekoenergetika Akademiyası ilə əməkdaşlıq həm universitet, həm də akademiya üçün müsbət nəticələr verəcək.
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev ADNSU-nun ölkədə mühəndis kadrlarının hazırlanmasındakı və texniki elmin inkişafındakı müstəsna rolunu vurğulayaraq, qocaman ali məktəbin əvvəlki şöhrətini özünə qaytarmasından böyük qürur hissi keçirdiyini deyib. Bundan sonra ADNSU ilə əməkdaşlığın onlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
İkitərəfli qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunduqdan sonra akademiya ilə universitet arasında Əməkdaşlıq memorandumu imzalanıb.