Logo

Norveç təhsilindən nəyi öyrənə bilərik?

21.09.2021 12:56 1069 baxış
IMG

Belə deyim var: hər şey müqayisədə dərk edilir. Biz də daim ayrı-ayrı sahələrdəki fəaliyyətimizi, o cümlədən təhsil fəaliyyətimizi  müxtəlif ölkələrlə müqayisə etməli, müsbət və mənfi tərəfləri müəyyənşədirməli, bu təcrübəni əxz etməliyik. Təbii ki, kiçik məqalədə bu  mövzuda  ciddi araşdırma  aparmaq mümlün deyil, amma müəyyən  faktlara nəzər salmaq olar.  Bu məqalədə Norveç Krallığının  təhsil sistemi ilə milli təhsilimizi müqayisə edəcəyik. 

Norveç Krallığında  hər kəsin bərabər təhsil almaq hüququ var. Ölkədə təhsil siyasətinin ana xəttini "hamı üçün təhsil" şüarı təşkil edir.  1997-ci ildən 10 illik təhsil icbaridir. 

Norveçin dövlət və özəl ali təhsil müəssisələrində təxminən 200000 tələbə oxuyur. Onların böyük əksəriyyətinə (təxminən 145000 nəfər) Loan Dövlət Təhsil Fondu dəstək verir. Bundan başqa, təxminən 15000 tələbəyə xaricdə ali təhsil, 10000-ə qədər tələbəyə isə xaricdə dərəcə almaq və ya mübadilə proqramında iştirak etmək üçün köməklik göstərilir. 

Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə universitet, universitet səviyyəsində ixtisaslaşmış institut, dövlət kollec universiteti, dövlət incəsənət institutu, özəl kollec universiteti və özəl institutlar fəaliyyət göstərir. Özəl institutlar da daxil olmaqla bütün akkreditə olunmuş institutların fəaliyyəti eyni qaydalar çərçivəsində tənzimlənir. 2001-ci ildə Norveç Parlamenti ali təhsildə Keyfiyyət İslahatı haqqında qərar qəbul edib.  

Peşə təhsili  Orta təhsilin yuxarı pilləsini bitirmiş şagirdlər ali təhsilə alternativ hesab edilən peşə təhsilinə yiyələnə bilərlər. Peşə təhsili müəssisələrinə qəbul olmaq üçün şagirdlərdən heç bir imtahan tələb olunmur.   Norveçdə peşə təhsili yarım ildən 2 ilə qədər davam edir. Ölkədə dövlət və özəl peşə təhsili müəssisələri mövcuddur. 

Ali təhsil Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə 7 universitet, universitet səviyyəsində 7 ixtisaslaşmış institut, 24 dövlət kollec universiteti, iki dövlət incəsənət institutu və 2 özəl kollec universiteti, 31 özəl institut (onlardan 22-si dövlət tərəfindən müəyyən maliyyə yardımı alır) fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan təxminən 200000 tələbədən 30000-ü özəl kollec və ya kollec universitetlərdə təhsil alır.

Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo Universitetidir. Bu tədris ocağı 1811-ci ildə fəaliyyətə başlayıb, 1939-cu ildən Oslo Universiteti adlandırılıb. 1946-cı ilə qədər ölkədə yeganə universitet olub.

Dünyada aparıcı universitetlərdən biri  kimi "Quacquarelli Symonds" (QS) şirkətinin tərtib etdiyi dünya universitetlərinin reytinq siyahısında daim ilk 100-lükdə qərarlaşır. Universitet məzunlarından bir çoxu müxtəlif illərdə Nobel mükafatına layiq görülüb.

Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ali və peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin təmin olunması prosesini həyata keçirir:

Yaşlılar üçün həyatboyu təhsil imkanlarının yaradılması Norveçdə təhsil siyasətinin əsas prioritetlərindəndir. Başlıca məqsəd yaşlı nəsil nümayəndələrinin öz peşələrinə uyğun olaraq bacarıqlarını möhkəmləndirməsinə əlverişli şərait yaratmaqdan ibarətdir.  Hər il təxminən 15000 tələbə yaşlıların təhsili proqramları çərçivəsində dövlət universitetlərində və kollec universitetlərdə təhsil alır. 70000 nəfər isə əlavə təlim kurslarında təhsilini davam etdirir.

Yaşlıların təhsilinin daha yaxşı təşkili məqsədilə hökumət tərəfindən təsirli tədbirlər həyata keçirilir. Hökumət yaşlıların təhsili ilə məşğul olan qurumları maliyyələşdirir və onların fəaliyyətini stimullaşdırır. Ölkədə yaşlıların təhsili ilə məşğul olan təxminən 20 cəmiyyət dövlət dotasiyası alır. Odur ki, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin yaşlıların təhsilinin təşkilinə cəlb olunmasına xüsusi önəm verilir.

Distant (məsafədən) təhsil Norveçdə geniş yayılıb və əsasən qiyabi kurslardan ibarətdir. Lakin hazırda tədricən distant təhsil daha çox İnternetə əsaslanır. Hər il təxminən 20000 nəfər distant təhsil müəssisələrini bitirir. 

NORVEÇ TƏHSİLİNDƏN  HANSI TƏCRÜBƏNİ ÖYRƏNƏK? Bu ölkələrin təhsil sisteminə ümumi baxış müəyyən oxşar və fərqli cəhətləri müəyyən etməyə imkan verir. Belə ki:

1. Hər iki ölkənin təhsil sistemində oxşar cəhətlər var. Hər iki ölkənin təhsilinin böyük tarixi var. Hər iki ölkə hökuməti təhsilin inkişafına mühüm diqqət yetirir. Hər iki ölkənin təhsilində innovasiyalardan istifadəyə maraq var. Bu ölkələrin gənclərinin oxumağa ciddi marağı var. Hər iki ölkə təhsil sahəsində beynəlxalq əlaqələrin qurulmasına  diqqət yetirir. 

2. Hər iki ölkənin təhsil sistemində fərqli cəhətlər də var. Azərbaycanın təhsil sistemi Norveçin təhsil təcrübəsindən faydalana bilər. Belə ki, Norveç təhsilində olan aşağıda qeyd etdiyimiz təcrübənin Azərbaycan təhsilinə transfer edilməsinə ehtiyac var:

- Məktəbəqədər və orta təhsilin məzmununun formalaşması və tədrisin təşkili təcrübəsinin öyrənilməsi.

- Universitet təhsilində Boloniya prosesinə keçid və təhsilin rəqəmsallaşdırılması təcrübəsinin öyrənilməsi. Universitetlərdə distant təhsilin təşkili və inkişafı təcrübəsinin öyrənilməsi.

- Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin Avropa Təhsildə Keyfiyyətin Təminatı Beynəlxalq  Agentliyinin tələbləri səviyyəsində qurulduğunu və bu sahədə zəngin təcrübəyə malik olduğunu nəzərə bu təcrübənin  ölkəmizə transferi.

- Norveçdə  yaşlıların təhsilinin təşkili məqsədi ilə hökumətin reallaşdırdığı tədbirlərin öyrənilməsi (onlayn təhsilin geniş tətbiqi, Qeyri Hökumət Təşkilatlarının  bu işə daha çox cəlb edilməsi və s.). 
Göründüyü kimi Avropa təhsil məkanına inteqrasiya edilmək üçün Nörveç təhsilindən öyrənməli olduğumuz bir sıra məsələlər var.

Dos. İlham Əhmədov

Bakıvaxtı.az

Xəbər lenti