Logo

Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib

21.09.2021 17:27 363 baxış
IMG

2021-ci ilin 20 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti ilə bağlı iclas keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasda universitetin inzibati və akademik heyət üzvləri iştirak ediblər.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, cari ilin 29 sentyabr tarixindən etibarən ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılmasından məmnunluğunu ifadə edib və bu münasibətlə universitetin bütün tələbə və müəllim kollektivi üzvlərini təbrik edib.

İclasda yeni dərs ilinə hazırlığın mövcud vəziyyətindən bəhs edən Ş.Bayramov tədrisin təşkilində səmərəliliyin daha da artırılması ilə bağlı universitetin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

MDU-nun strateji hədəflərinə uyğun olaraq qarşıda dayanan vəzifələri diqqətə çatdıran rektor yeni tədris ilində tədris, elm, idarəetmə, beynəlxalq əməkdaşlıq, tələbələr və məzunlarla iş, sənaye ilə işbirliyi, sosial fəaliyyət və digər sahələrdə gözləntilərindən danışıb.

Yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, tədris-metodiki vəsaitlərin yenilənməsi, elmi məqalələrin sayının artırılması, təhsilalanların və təhsilverənlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsilin məzmununda vətənpərvərlik, yaradıcılıq və innovativliyin gücləndirilməsinin vacibliyini qeyd edən Ş.Bayramov cari tədris ilində kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi üçün potensial imkanları müsbət qiymətləndirib.

2021/2022-ci tədris ilinin də mühüm yeniliklərlə yadda qalacağına əminliyini ifadə edən rektor MDU ailəsinin bütün üzvlərini çoxşaxəli və modernləşən universitet həyatında daha fəal olmağa dəvət edib və onlara uğurlar arzulayıb.

Sonra iclas yeni tədris ilində tələbələri, magistrantları, akademik və inzibati heyət üzvlərini maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, son dövrdə modernləşmə yolunda sürətlə irəliləyən MDU-da hər tədris ilinin başlanğıcında professor-müəllim və inzibati heyəti üzvləri, tələbə və magistrantlar ilə görüşlərin keçirilməsi ənənəvi hala çevrilib. Mövcud vəziyyətin qiymətləndirilməsi, problemlərin vaxtında aşkara çıxarılması və aradan qaldırılması, beləliklə də tədris ilinə hazırlıq səviyyəsinin yüksəldilməsi və qarşıda dayanan növbəti addımların müəyyən edilməsi baxımından bu tipli görüşlər əhəmiyyətli rol oynayır.

Xəbər lenti