Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Avtolüks Azərbaycan” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Tehsil.biz-ə bildirilib ki, dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan əməkdaşlıq memorandumunun imzalanmasında əsas məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı müvafiq tədbirlər görməkdən ibarətdir.
Əməkdaşlıq çərçivəsində mərkəzdə fəaliyyət göstərən 1 illik avtomobil diaqnostikası və təmiri ustası ixtisası üzrə texniki peşə təhsili və 3 illik nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə yüksək texniki peşə təhsili alan təhsilalanlar üçün peşəkar hazırlığın təşkilinə dəstək veriləcək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstəriləcək.
Tərəflər peşəkar kadr hazırlığını təmin etmək məqsədilə birgə tədris proqramları hazırlayacaq, eləcə də təlimlər təşkil edəcəklər.
Əməkdaşlığa əsasən “Ferrari”, “Lamborghini”, “Land Rover”, “Alfa Romeo”, “Chrysler”, “Dodge”, “Fiat”, “Fiat Professional”, “Jaguar”, “Jeep” və “Abarth” kimi məşhur dünya markalarını Azərbaycan istehlakçısına təqdim edən “Avtolüks Azərbaycan” MMC tərəfindən Mərkəz təhsilalanlarının praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə iş yerində təcrübə proqramlarının təşkilinə və məzun-tələbələrin işlə təmin olunmasına dəstək göstərilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi digər qabaqcıl avtomobil müəssisələri olan “Abşeron Avtomobil Mərkəzi”, “İmprotex Motors”, “Dream Auto” MMC, “Şərq Motors”, “Toyota Azərbaycan”, “Cahan Motors”, “Mitsubishi”, “Honda”, “Mazda”, “Subaru” avtomobil şirkətləri ilə də əməkdaşlıq edir.