Logo

Naxçıvan Dövlət Universiteti müəllimi Firdovsi Qasımovun 70 illik yubileyi qeyd edilib

21.09.2021 19:10 455 baxış
IMG

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Kimya” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Firdovsi Qasımovun 70 illik yubileyi qeyd edilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev artıq universitetdə ənənə halını alan yubiley tədbirlərinin elmi-pedaqoji fəaliyyətə verilən yüksək diqqət və qayğının bəhrəsi kimi dəyərləndirib. Bildirilib ki, çox sevindirici haldır ki, bugün yubileyinə toplaşdığımız Firdovsi Qasımov səmərəli elmi-pedaqoji fəaliyyəti ilə seçilən, məsuliyyəti və intizamı ilə dərs dediyi tələbələrə örnək olan bir ziyalıdır. Rektor ömrünün 70 ilini qeyd etməklə bərabər elmi-pedaqoji fəaliyyətinin də 45 ili tamam olması münasibətilə Firdovsi Qasımovu təbrik edib, ona cansağlığı, bundan sonrakı elmi fəaliyyətində uğurlar arzulayıb. Yubiliyara Naxçıvan Dövlət Universitetinin Fəxri Fərmanı və hədiyyə təqdim edilib. 

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov bildirib ki, 1951-ci ildə Naxçıvan şəhərində anadan olan Firdovsi Qasımov 1970-ci ildə Şərur rayonunda orta məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Universitetinin “Kimya” fakültəsinə qəbul olunub. Təhsilini III kursdan M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1976-cı ildə həmin universitetin “Kimya” ixtisasını bitirib.

1985-ci ildə “Kimya” kafedrasına müəllim vəzifəsinə seçilən Firdovsi müəllim 1990-cı ildə baş müəllim vəzifəsinə seçilib. 1990-cı ildə kimya elmləri namizədi dərəcəsi alan Firdovsi müəllim 1998-ci ildən Naxçıvan Dövlət Universitetində “Kimya” kafedrasında dosent vəzifəsində çalışır. Diqqətə çatdırılıb ki, 2011-ci ildə universitetdə elmi-pedaqoji fəaliyyətinə görə fəxri fərmana layiq görülən Firdovsi Qasımovun 38 elmi məqaləsi və bir dərsliyi çap olunub. 

“Kimya” kafedrasının müdiri, dosent Şəmil Mahmudov, həmin kafedrasının dosenti Mirnazim Seyidov və fakültənin müəllimləri həqiqi mənada şərəfli bir müəllim ömrü yaşayan yubiliyarla bağlı xatirələrini bölüşüb, xoş sözlər səsləndirib, arzularını ifadə ediblər. 

Sonda yubiliyar keçirilən bu tədbiri yüksək qiymətləndirərək ona verilən ali dəyər üçün öz minnətdarlığını ifadə edib.  

Xəbər lenti