Kiyev Milli Linqvistik Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycan dilinin tədris olunduğu qrupda təhsil alan tələbələrin sayı artırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri universitetin rektoru filologiya elmləri doktoru, professor Roman Vasko ilə görüşündə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova söyləyib.
Səfir vurğulayıb ki, Azərbaycan dilinin tədris olunduğu qrupa yeni tələbələr qəbul edilməlidir. Bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün birgə səylər artırılmalıdır.
Öz növbəsində rektor Roman Vasko qeyd edib ki, universitet Azərbaycan dilinin tədris edildiyi qrupda tələbələrin sayının artırılmasında maraqlıdır. Bu istiqamətdə lazımi tədbirlər görüləcək.
Görüşdə Azərbaycan və Ukrayna universitetləri arasında əməkdaşlığın gücləndirilməsi, tələbə, təcrübə mübadiləsi məsələləri də müzakirə olunub.
Sonra səfir universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin işi ilə tanış olub. Mərkəzin direktoru İntiqam Şıxızadə bildirib ki, mərkəz 2013-ci ildə SOCAR-ın maliyyə dəstəyi ilə yaradılıb. Burada tələbələr Azərbaycan dili üzrə təhsil alır.
Universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri filologiya elmləri namizədi Anastasiya Pojar isə bu ali təhsil ocağının Azərbaycanla əlaqələri barədə ətraflı məlumat verib.