Sentyabrın 21-də, Rumıniyanın paytaxtı Buxarest şəhərində Frankofon Universitetlər Agentliyinin (AUF) təşkil etdiyi 1-ci Frankofoniya Elmi Həftəliyi adlı konfrans öz işinə başlayıb.
Tehsil.biz xəbər verir ki, Buxarestin Politehnica universitetində keçirilən tədbir hibrid formada, qismən üzbəüz, qismən onlayn formatda keçirilib.
Tədbirdə Azərbaycanı Azərbaycan-Fransız Universitetinin İcraçı Direktoru, Vazeh Əskərov onlayn formatda təmsil edib.
Konfrans çərçivəsində Frankofon Universitetlər Agentliyinin 4 ildən bir keçirilən 18-ci Ümumi Yığıncağı baş tutub, 1-ci Frankofoniya Elmi Həftəsi keçirilib, Elmi Frankofoniya tədbirinin rəsmi sənədinin təqdimatı olub, AUF-un 2021-2025-ci illər üçün yeni strategiyası və təşkilatın 60 illik yubileyinin qeyd edilməsi ilə bağlı sənəd qəbul edilib.
Sentyabrın 22-də isə AUF üzv ölkələrinin Təhsil Nazirlərinin 5-ci konfransı da baş tutacaq.
AUF 119 ölkəni birləşdirən və 1007 universitet, ali təhsil müəssisəsi və elmi tədqiqat mərkəzinin üzv olduğu təşkilatdır. Onları birləşdirən əsas məqam fransız dilidir. Təşkilat 1961-ci ildə yaradılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və onun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti 2019-cu ildən təşkilatın tamhüquqlu üzvüdürlər.