Logo

BŞTİ müdiri ilk dərs günündə iştirak edib - Foto

22.09.2021 13:00 444 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva ilk dərs günü yeni fəaliyyətə başlayan 172 nömrəli tam orta məktəbdə olub.

Tehsil.biz xəbər verir ki, Zəfər tarixinin bəxş etdiyi qürur hissi ilə qədəm qoyduğumuz yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. M.Vəliyeva gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, keyfiyyət artımının təməli hesab olunan ümumi təhsilin məqsədyönlü inkişafı, mövcud şəraitdən irəli gələn qaydalara əməl olunmasının əsas hədəflərdən olduğunu bildirib.

Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə islahatların uğurla həyata keçirildiyini bildirən İdarə müdiri Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından danışıb. Şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı diləyib, mövcud qaydaların tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Xəbər lenti