Logo

Qalibiyyətin birinciləri... - VİDEO

22.09.2021 13:31 338 baxış
IMG

Bu gündən Azərbaycanda pandemiya şəraitində ikinci dərs ili start götürür. Ötən illərdən fərqli olaraq, məktəblilər koronavirusun yayılması səbəbindən dərslərə bir həftə gec başlayıblar. Hələlik yalnız ibtidai siniflərin cəlb olunduğu tədrisə sentyabrın 29-dan V-XI siniflər də qoşulacaq.

“Qafqazinfo” paytaxt məktəblərinə baş çəkib, pandemiya dövründə ilk dərs gününün necə təşkil olunduğunu izləyib.

Məlum olub ki, bəzi məhdudiyyətlər tətbiq olunsa da, məktəblərdəki ab-hava heç də ötən illərdəkindən fərqlənmir. Əllərində çiçəklər olan məktəblilər, özlərindən böyük çantalarla əvvəlki kimi şən və həvəslə məktəbə axışırlar. Ən çox sevinənlər isə pandemiyanı vecinə almayan birincilərdir.

Məktəblilərin ağ köynək və göy ətəkdən ibarət geyimlərinə iki ildir ki, daha bir aksesuar – maska da əlavə olunub. Bəzilərinin təbəssümü, bəzilərinin isə həyəcan və nigaranlığı da maskanın altında ört-basdır olunur.

Builki ilk dərs gününün ötən illərdən bir fərqi də şagirdləri müşayiət edən valideynlərin məktəbin həyətinə buraxılmaması idi. Həyətdə yalnız cərgə ilə düzülmüş məktəblilər və onların sinif müəllimlərindən ibarət məhdud sayda insan var idi. Təhsil müəssisələrində şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Məktəbə daxil olan şagirdlərin temperaturu ölçülür, əlləri spirtlənir, onlar ara məsafəsi gözləməklə sinfə daxil olurlar.

Ağlayan, valideynindən ayrılmaq istəməyənlərlə yanaşı özünü evindəki kimi rahat hiss edən, söhbətindən qalmayan balacalara da rast gəldik. Məsələn, Murad Hüseynov kimi. Dediyinə görə, anası gələndə ona pultlu maşın alacağını vəd edib:

“Anam gedib, mənə pultlu maşın gətirəcək. Mən bir azca ağladım, çünki darıxdım. Amma sonra gözümün yaşını sildim...”

Digər birinci Fidan Qasımova da məktəbə gəldiyinə görə sevinclidir. Hətta özünə dostlar da tapıb: “Məktəb yaxşıdır, mən dərslərimdən beş alacam. Sinif yoldaşlarımı da xoşladım. Burada dostum var, adı Zəhradır. O yaxşı dostdur, onu çox istəyirəm. Biz bir sinifdə oxuyacağıq. Dərslərimi yaxşı oxuyacam, böyüyəndə diş həkimi olacam”.

Amma hələ uşaqlara qaynayıb qarışa bilməyənlər, ağlamsınanlar, maskasını gözünə qədər çəkib göz yaşlarını gizlədənlər, kövrəlib susanlar da tapılırdı. Onların da narahatlığı ilk dərsə qədər idi. Bir azdan müəllimləri onlara Qarabağ zəfəri ilə bağlı danışacaqdı. Bu gün axı bütün məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır” mövzusuna həsr olunub. Bu dərs ilini fərqli edən təkcə pandemiya deyil, bu həm də 30 illik fasilədən sonra qalib və bütöv Azərbaycanın ilk təhsil ilidir. Artıq işğaldan azad olunmuş torpaqlarımızda infrastruktur qurulur, tədris ocaqları bərpa olunur, məcburi köçkünlərin öz doğma yurdlarında yaşayıb təhsil alması üçün şərait yaradılır.

Qeyd edək ki, bu ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. I sinfə gedən şagirdlərin sayı isə 158 608 nəfərdir.

https://youtu.be/QtPsJHuav1Q

Xəbər lenti