Logo

Naftalanda şəhidlərin oxuduqları siniflərə adları verildi - Fotolar

22.09.2021 16:27 372 baxış
IMG

Naftalan şəhərində vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi məqsədilə oxuduqları sinif otaqlarına onların adları verilib.

“Qafqazinfo” xəbər verir ki, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə şəhid Fərid Adıgözəlovun, S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə şəhidlər - Bəhruz Firuz oğlu Quliyevin və Bəxtiyar İlqar oğlu Aslanovun, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində isə şəhidlər Elyəddin Cəfərovun, Şəhriyar Qurbanovun, Fidan Qurbanovanın oxuduğu sinif otaqlarında adları əbədiləşdirilib. Sinif otaqlarının qapısı üzərində şəhidlərin adı yazılmış lövhə yerləşdirilib, otaqda onların həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.

Tədbirdə iştirak edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu zəfər çalıb. Şəhidlərin adlarını daim yaşatmaq, onların xatirəsini əziz tutmaq ən müqəddəs amalımızdır. Sinif otaqlarına şəhid adlarının verilməsi də məhz bu amala xidmət edir.
Qeyd edək ki, şəhid Bəhruz Quliyevin qızı Mədinə də builki birincilər sırasındadır. S.Vurğun adına 2 nömrəli tam orta məktəbin birinci sinfində, şəhid Bəxtiyar Aslanovun adına olan sinif otağında təhsil alacaq və şəhidin əyləşdiyi partada əyləşəcək.

Xatırladaq ki, Şəhriyar Qurbanov və Fidan Qurbanova ötən ilin 27 sentyabrında düşmənin atdığı top mərmisi nəticəsində həyatlarını itiriblər.

Xəbər lenti