Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının təhsil ocağının 100 illik yubileyinə həsr olunmuş onlayn iclası keçirilib.
ADNSU-dan bildirilib ki, universitetin rektoru, professor Mustafa Babanlı iclasda rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədən danışıb. Vurğulayıb ki, universitetin 100 illik yubileyinin belə bir şanlı tarixə təsadüf etməsi sevincimizi birə-beş artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz döyüş meydanında zəfər çalaraq yeni tarix yazıb.
Professor Mustafa Babanlı Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə ADNSU-nun tələbə və məzunlarının, həmçinin əməkdaşlarının iştirak etdiklərini xatırladıb və belə igidlərimizin dövlətimiz və universitet tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunacağını deyib.
Sonra şura üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti oxunub və yekdilliklə qəbul olunub.
Rektor M.Babanlı universitetin 100 illik yubileyi, ali təhsil müəssisəsinin tarixi inkişaf yolu haqqında danışıb. Diqqətə çatdırıb ki, hələ 100 il əvvəl Azərbaycanda belə bir ali təhsil müəssisəsinin yaradılmasını zəruri edən mühüm səbəblərdən biri ölkəmizdə neft sənayesinin olması və onun inkişafından irəli gələn amillər olub. Zaman-zaman bu təhsil ocağı təkcə Azərbaycan üçün deyil, dünyanın onlarla ölkəsi üçün ixtisaslı mütəxəssis və mühəndis kadrların yetişdirilməsində xüsusi rol oynayıb. Odur ki, ölkəmizdə neft sənayesinin inkişafında, həmçinin geologiya və kimya sahəsində qazanılan uğurlarda Azİİ məzunlarının xüsusi çəkisi var. 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizdə neft sənayesinin inkişafı istiqamətində yeni, savadlı mütəxəssislərə olan tələbat da Azİİ məzunları hesabına təmin edilib. Bu gün də universitet bu missiyanın öhdəsindən layiqincə gəlir.
Professor Mustafa Babanlı çıxışında 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə universitetin adının dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması ilə təhsil ocağının inkişafında yeni mərhələnin başlandığını xatırladıb. Qeyd edib ki, bu gün ADNSU-da müasir texnoloji vasitələrdən, onların yaratdığı imkanlardan yüksək səviyyədə istifadə olunur, universitetin maddi-texniki bazası tamamilə yenilənib və müasir standartlara uyğunlaşdırılıb.
Onlayn tədbirdə ADNSU-nun texniki profilli təhsil müəssisəsi olaraq elmin inkişafına, iqtisadiyyatımıza verdiyi töhfələrdən və son illər qazandığı uğurlardan danışılıb, universitet haqqında arzu və istəklər bildirilib.