Logo

Bu liseydə 5 yaşlı uşaqlara verilən sual qalmaqal yaratdı

22.09.2021 19:03 1941 baxış
IMG

Bakı Avropa Liseyində hazırlıq kursu keçmək üçün imtahana girən 5 yaşlı uşaqlar onlara verilən suallarda çətinlik çəkirlər.

Bu barədə Axar.az-a daxil olan valideyn şikayətində bildirilib ki, azyaşlılar imtahanda verilən suallara görə psixoloji sarsıntı keçirirlər:

“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?”, “Atanın 2 ayağı olmasa, 4 əli olsa, bunlardan necə istifadə etməlidir?” Belə sualların azyaşlıya verilməsi nə dərəcədə doğrudur? Başqa bir uşağa “Başının arxasında 2 gözün olsa, necə istifadə edərsən?” sualı verilib. Bu kimi suallar uşaqlara psixoloji cəhətdən pis təsir edir. Onlar bu suallara cavab tapa bilməyib imtahandan kəsilirlər”.

Məsələ ilə bağlı saytımıza danışan psixoloq Gülnar Orucova qeyd edib ki, azyaşlı uşaqlara belə sualların verilməsi mütəxəssisin qeyri-peşəkarlığından xəbər verir:

“Həmin mütəxəssislər pedaqoq və psixoloqlar olur. Liseylərə şagird qəbulu zamanı imtahanda psixoloqlar da pedaqoqlarla yanaşı əyləşirlər. Ümumiyyətlə, uşağa 7 yaşına qədər ölümü izah etmirik. Liseylərə müraciət edən uşaqların 6 yaş həddindən götürüldüyünü nəzərə alsaq, belə suallar uşağa verilməməlidir. Bu, uşaqlara psixoloji şiddətdir. Bəzi liseylər həddən artıq savadlı uşaq istəyir. Valideynlər arasında uşaqları ən yaxşı məktəb və liseyə yerləşdirməklə bağlı yarış gedir. Orta məktəb də, lisey də eyni təhsili verir. Lakin liseylərdə üzləşdiyimiz bu cür problemli suallar valideynləri daha da çətinə salır. Uşaq imtahan qorxusu ilə yaşayır. Təhsil verəcəksiniz deyə, uşağınızda özgüvən əskikliyi yaşatmayın. Uşaq sizin təzyiqinizlə hansısa gimnaziya qazana bilər, lakin özgüvən əskikliyi ilə heç bir uğur əldə edə bilməz”.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən lisey və gimnaziyalar qəbul zamanı fərdi imtahanlar, o cümlədən müsahibə və müsabiqələr təşkil edə bilərlər:

“İmtahan sualları şagirdlərin yaş psixologiyasına uyğun olmalıdır. Təəssüf ki, bəzi liseylər şagirdlərin nəticələrini qeyri-məqbul etməkdən ötrü onların yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmayan suallar verirlər. Birmənalı şəkildə suallar başqa istiqamətdə qoyulmalıdır. Uşaqlar problemli situasiyadan çıxmalı, elmə yiyələnməlidirlər. Oxuma-yazma bacarığı olmayan, məktəbə getməyən uşaqda bu tipli düşüncəni yoxlamaq doğru yanaşma deyil. Əgər bu suallara şagird doğru cavab verərsə, onun məktəbə getməyinə ehtiyac yoxdur. Suallar həyatın içindəndir. Təhsilin məqsədi şagirdləri ali məktəbə hazılamaq yox, onlarda böhranlı və problemli vəziyyətdən çıxmaq bacarıqlarını formalaşdırmaqdır. Bu bacarıqlar məktəbə gələnə qədər şagirddə formalaşacaqsa, onda bizim məktəblərimiz nəyə lazımdır?”

Ekspert bildirib ki, bu tip suallar uşaqların böyük əksəriyyətini imtahandan kəsmək üçündür:

“Məktəbin plan yeri az, müraciət edənlərin sayı çox ola bilər. Amma sualları ədalətli etməliyik. Lisey və gimnaziyalar imtahan suallarını özləri müəyyənləşdirirlər. Ölkə üzrə vahid imtahan keçirilsə belə, bu imtahandan keçmiş şəxslər sonradan liseylərin daxili imtahanından da keçməlidirlər. İkinci imtahandan keçməsələr, onlar həmin məktəbin şagirdi hesab edilmirlər. Bu, müəyyən qədər təhsilin əlçatanlığına mənfi təsir göstərə bilər”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə də sorğu göndərilib.

Xəbər lenti