Bakı Dövlət Universitetinin (BDU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Nicat Əhmədovun doğum günündə xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, Şəhid Nicat Əhmədovun təhsil aldığı 229 saylı orta məktəbdə təşkil olunan mərasimdə millət vəkilləri, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid anaları, ictimai xadimlər və BDU-nun bir qrup kollektivi və tələbələri iştirak edib.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, şəhid Nicat Əhmədovun təhsil aldığı Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov tədbirdə çıxış edərək Nicat Əhmədovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqları bildirib, təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Nicat Əhmədov həm müəllim heyətinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağını qeyd ediblər.
Şəhid Nicat Əhmədovun atası Həsən Əhmədov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və məhz dövlətimizin başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini vurğulayıb. Bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər atası kimi fəxr etdiyini deyib.
Mərasimdə şəhidin döyüş yolundan danışılıb, onun haqqında xatirələr yada salınıb. Sonda 229 saylı məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib.