Logo

Naxçıvan Dövlət Universitetində “Robototexnikanın əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib

23.09.2021 18:02 508 baxış
IMG

Naxçıvan Dövlət Universiteti Magistratura mərkəzində “Memarlıq və mühəndislik” fakültəsinin dekanı, “Elektronika və informasiya texnologiyaları” kafedrasının professoru Cavanşir Zeynalovun “Robototexnikanın əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-ci il üçün nəşr planına əsasən çap olunan dərs vəsaitinin universitetdə yeni texnoloji, innovativ, beynəlxalq əməkdaşlıq kimi digər sahələrə təsir edəcəyini qeyd edib. Bildirilib ki, dərs vəsaiti əsasında müvafiq elmlər, xüsusilə, elektronika, mexanika, kibernetika, telemexanika, mexatronika, informatika elmləri səmərəli şəkildə öyrəniləcək. Rektor ölkə universitetləri arasında ilk dəfə tədqiqata cəlb edilən dərs vəsaitinin elmi və təcrübi əhəmiyyətini qeyd edərək müəllifə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. 

“Nəqliyyat mühəndisliyi və texniki fənlər” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun Əliyev bildirib ki, 8 fəsil 336 səhifə həcmində olan dərs vəsaiti robotların yaranma tarixi, robototexnikanın əsasları, layihələndirmənin əsasları, robotların hazırlanması üçün alətlər, materiallar və avadanlıqlar, robotexniki konstruksiyaların elementləri, robotun idarə olunması, robotun naviqasiyası, təhsildə ekzotik robotlar başlıqlarından ibarətdir. Vurğulanıb ki, dərs vəsaitində layihələndirmənin əsas prinsiplərinə nəzər yetirilib, avtomatlaşdırılmış layihələndirmə sistemlərinə baxılıb, onun təminat növləri aydınlaşdırılıb, bu sistemdə modelləşdirmə vasitələri göstərilib. Kitabda müasir dövrümüzlə aktuallığını artıran məsələ olaraq, robotların qidalanma sistemləri, bu sahədə icraçı qurğular haqqında təqdimat verilib, sensor sistemləri, yerləşdirmə sensorları barədə məlumatlar yer alıb.

İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri, “Elektronika və informasiya texnologiyaları” kafedrasının müəllimi Hüseyn Əsgərli robototexnika elminin elektronika, mexanika, kibernetika, telemexanika, mexatronika, informatika eləcə də radio və elektrik mühəndisliyi kimi fənlərlə sıx bağlı olduğunu dilə gətirib. 

“Elektronika və informasiya texnologiyaları” kafedrasının müəllimi Heydər Xəlilov qeyd edib ki, əhatəli şəkillərə əsaslanan dərs vəsaitində avtonom və yarımavtonom robotların izahı verilməklə, idarəetmənin kabel, infraqırmızı pult, radio, bluetooth, wifi, mobil telefon vasitəsilə təşəkkül tapan formalarına nəzər salınıb. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev muxtar respublikada STEAM təhsil metodunun tətbiqindən danışıb. Vurğulanıb ki, qısa müddətdə tətbiqinə baxmayaraq şagirdlər tərəfindən 100-dən çox STEAM və Robototexnika layihələri hazırlanıb və Texnosərgidə nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, təqdimatı keçirilən yeni nəşr məktəblərdə STEAM dərslərinin yüksək səviyyədə tədrisinə öz müsbət təsirini göstərəcək. 

Naxçıvan Muxtar Respublikası Rabitə və yeni Texnologiyalar Nazirliyinin əməkdaşı Gülsüm Əsədova mexatronika və robototexnika sahələrindən danışıb. 

Sonda müəllif elmə, təhsil verilən dövlət qayğısına görə minnətdar olduğunu bildirib, xüsusi diqqət və qayğı ilə nəşr olunan kitabının gənc nəslə faydalı olacağına əminliyini ifadə edib.

Xəbər lenti