Noyabrın 1-dən 25-dək “Cari zal nəzarətçilərinin elektron qeydiyyatı” sistemi aktiv olacaq.
Bu barədə TƏHSİL.BİZ Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin əlaqələndiriciləri və Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin məsul şəxsləri DİM tərəfindən təlimatlandırılıb.
Bu sistem zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və prosesin səmərəliliyinin artırılması məqsədilə yaradılıb. Ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici şəxsi kabinetinin istifadəçi adı və parolu ilə məktəb üzrə zal nəzarətçiləri bazasına daxil olur, mövcud nəzarətçilər bazasında onların zəruri məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır və məktəb üzrə ümumi siyahını təsdiq edərək DİM-ə təqdim edir.
Nəzarətçilərin elektron qeydiyyatı sistemində zal nəzarətçilərinə şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə öz məlumatlarını fərdi qaydada təsdiq etmək imkanı da yaradılıb.
Qeyd edək ki, 2024-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası təlimlər yekunlaşdıqdan sonra 15 min 661 nəfərdən ibarət olub. Ümumi bazanın 84,7 faizi ümumi təhsil müəssisələrində, 3,6 faizi ali və orta ixtisas təhsil müəssisələrində, 3,6 faizi dövlət müəssisələrində, 2,9 faizi özəl müəssisələrdə, 1,9 faizi AMEA və digər tədqiqat institutlarında, 1,1 faizi publik hüquqi şəxslərdə işləyir, 2,1 faizi isə pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və işləməyən şəxsləri əhatə edir.