Logo

Nazir müavini: Azərbaycan İstanbulda Beynəlxalq Kitab Sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur

02.11.2024 20:37 229 baxış
IMG

Azərbaycan bu il ilk dəfə İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisində “Fəxri qonaq” qismində çıxış edir. Beş gün ərzində Azərbaycanın ədəbiyyatı, incəsənəti və musiqisi İstanbulda keçirilən bu mötəbər tədbirdə yüz minlərlə ziyarətçi tərəfindən izlənəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov söyləyib.

Ölkəmizin beynəlxalq kitab sərgisində “Fəxri qonaq” qismində iştirakının Azərbaycan mədəniyyət tarixində bir ilk olduğunu vurğulayan nazir müavini deyib: “Azərbaycan tədbirdə kifayət qədər geniş nümayəndə heyəti ilə təmsil olunur. Burada 20-dən artıq nəşriyyat və 10-dan çox tanınmış yazarlarımız, o cümlədən Azərbaycanın Xalq yazıçıları iştirak edirlər. Növbəti günlərdə onların kitablarının təqdimatı, imza mərasimləri və oxucularla görüşləri keçiriləcək. Bu yazıçılar Türkiyədə daha çox tanınan, əsərləri nəşr olunan insanlardır”.

O bildirib ki, Türkiyə iki il əvvəl Azərbaycanda keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin “Fəxri qonağı” olub. Bu xoş ənənənin davamı olaraq Azərbaycan da bu gün İstanbulda “Fəxri qonaq” qismində sərgiyə qatılıb.

“Bu sərgidəki iştirakımız Azərbaycanla Türkiyə arasında son illərdə ədəbiyyat və mədəniyyət sahəsində daha da artan əməkdaşlığın davamıdır. Bu, ortaq dəyərlərimiz baxımından xüsusi əhəmiyyət kəsb edir. Xalqlarımız ortaq etnik və dini köklərə sahibdirlər. Bu tarixi birlik Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını rəhbər tutaraq hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf etdirilir. Bununla bağlı iki ölkənin mədəniyyət nazirlikləri arasında xüsusi işçi qrupu formalaşdırılıb və fəaliyyət göstərir. İşçi qrupunun keçirilən illik toplantılarında ortaq əməkdaşlıq çərçivəsində mədəniyyətin bütün sahələri müzakirə edilir”, - deyə nazir müavini bildirib.

Xəbər lenti