Bugünkü tədbirin məqsədlərindən biri də əqli mülkiyyətin mədəni irsin zənginləşməsində, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaqdır.
TƏHSİL.BİZ xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masada söyləyib.
Nazir müavini qeyd edib ki, əqli mülkiyyət, mədəni yaradıcı sənaye və yaşıl texnologiyaların kəsişməsi yaradıcılıq, innovasiya və davamlılığı birləşdirən maraqlı, ancaq bir o qədər də mürəkkəb və çoxşaxəli sahədir. Əqli mülkiyyət təkcə iqtisadi inkişafın mühərriki deyil, həm də innovasiyaların ətraf mühitə uyğun şəkildə tətbiqinə təkan verən güclü vasitədir. Qorunma və əlçatanlığın tarazlaşdırılması, innovasiyaların təşviq edilməsi və mədəni irsə hörmət edilməsi vacib amillərdir.
Mədəniyyət sektorunun bu transformasiyada mühüm rolu olduğunu bildirən nazir müavini deyib: “Ənənəvi biliklər və təcrübələr yeni texnologiyalarla birləşdirilərək həm yerli icmaların, həm də qlobal cəmiyyətin faydasına çevrilə bilər. İncəsənət və mədəniyyət nümunələri ətraf mühit problemlərini yaradıcı şəkildə təqdim edərək insanları məsuliyyətli davranmağa ilhamlandıra bilər. Qeyri-maddi irsə aid edilən ənənəvi biliklərdən yaşıl nümunə hesab edilənləri müəyyən edib təbliğ etmək olar”.