Logo

Xaricdə təhsil almaq üçün hansı beynəlxalq sertifikatı almalıyam?

02.11.2024 23:56 282 baxış
IMG

Təhsilini xaricdə davam etdirmək, dünyanın nüfuzlu universitetlərindəki professorlardan dərs almaq hazırda, sözsüz ki, bir çox azərbaycanlı gəncin arzusudur. Buna baxmayaraq, təəssüff ki, qəbul prosedurunun mürəkkəb olması, Azərbaycan dilindəki informativ mənbələrin sayının azlığı hər il çox sayda potensiallı gəncin xaricdə təhsil arzularını reallaşdırmasına əngəl törədir. Məqaləni ərsəyə gətirməyimizdə əsas məqsəd Birləşmiş Krallıq, Türkiyə, ABŞ və s. kimi ölkələrin nüfuzlu universitetlərinə qəbul olmaq istəyən namizədlərin iştirak etməli olduğu akademik imtahanlar haqqında məlumat verməkdir.

Öncəliklə, məqsədiniz xaricdə təhsil almaqdırsa, tam fərqli bir dünyaya daxil olduğunuzun fərqində olmalısınız. Belə ki, kiçik istesnaları kənara qoysaq, bu yolda DİM imtahanı,  yaxud Azərbaycan universitetlərinin magistr pilləsinə qəbul imtahanı dadınıza çatmayacaq. Hazırlaşmalı olduğunuz imtahanlar təhsil almaq istədiyiniz ölkədən, qəbul almağı arzuladığınız universitetdən və hətta ixtisasınızdan asılı olaraq dəyişə bilər. Buna baxmayaraq, dünya təhsil təcrübəsində mərkəzləşdirilimiş imtahanların mövcudluğunu da diqqətinizə çatdırırıq. Həmin imtahanların ən önəmliləri haqda məqalənin növbəti hissələrində məlumat alacaqsınız.

İmtahanlar haqda danışmazdan əvvəl önəmli bir nüansı nəzərinizə çatdırmaq istəyirik. Əfsuslar olsun ki, Azərbaycandakı bir çox gənclər IELTS, TOEFL, TYS kimi imtahanları “xarici universitetlərə qəbul imtahanları” olaraq dərk edir. Halbuki, adı çəkilən sertifikasiya imtahanları sadəcə namizədin müvafiq dildəki anlama və fikirlərini ifadə etmə bacarıqlarını əks etdirir. Başqa sözlə desək, bu cür imtahanlar sizin akademik baxımdan potensialınızın sübutu olaraq göstərilə bilməz. Bəs bu missiyanı hansı imtahanlar öz üzərinə götürür?

Bəs hansı imtahanda iştirak etməlisən?

Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, istənilən universitetə qəbul şərtləri müvafiq təhsil ocağının müəyyən etdiyi qaydalar əsasında müəyyənləşdirilir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində fəaliyyət göstərən bəzi universitetlərdə qəbul üçün heç bir akademik imtahan tələb olunmur. Bu cür universitetlərin nüfuzu, təklif etdiyi təhsilin səviyyəsi bəzən şübhə doğurur. Digər tərəfdən, bəzi universitetlər isə beynəlxalq standartlarla müəyyən edilən imtahanlar (SAT, GMAT və s.) deyil, özlərinin təşkil etdikləri daxili imtahanlar vasitəsilə tələbə qəbulu həyata keçirməyi üstün tuturlar. Sözü gedən imtahanlar bəzən onlayn şəkildə, bəzən isə tələbənin birbaşa iştirakı ilə həyata keçirilir.

Yuxarıda qeyd etdiyimiz istesnaları çıxmaqla, dünyanın əksər universitetlərinə qəbul şansınızı artırmaq üçün fokuslanmalı, araşdırmalı və vaxtı gəldikdə iştirak etməli olduğunuz əsas imtahanlarla sizə növbəti paraqraflarda tanış edəcəyik.

SAT

Sadə dildə desək, SAT imtahanı Azərbaycan universitetlərinə qəbul üçün iştirak etdiyiniz DİM imtahanının ingilisdilli, beynəlxalq formasıdır. Universitetlərin bakalavr proqramlarına qəbul üçün nəzərdə tutulub. Hər il 1000-lərlə gənc bu imtahanda iştirak edərək, dünyanın qabaqcıl universitetlərinə qəbul üçün şanslarını artırmış olur. İmtahan 2 hissədən ibarətdir:

Birinci mərhələ (SAT I) başqa sözlə “reasoning test” adlandırılır. Tələbənin bilik və bacarıqları 3 hissədə yoxlanılır:

  • Mathematics – riyazi bacarıqlarınızın yoxlanıldığı hissə
  • Critical Reading – ingiliscə oxuyub nəticə çıxarma bacarığınızı qiymətləndirən hissə
  • Writing – təqdim edilən tekstdən yararlanaraq esse yazılması yolu ilə ingiliscə yazılı şəkildə fikrinizi ifadə etmə və arqumentasiya bacarıqlarınızı göstəridiyiniz hissə.

Maksimum toplaya biləcəyiniz bal 1600-dür və topladığınız balı 1200-dən yuxarı olduğu halda qənaətbəxş hesab etmək olar.

Təkcə SAT I imtahanında iştirak edərək dünyanın bir çox universitetinə qəbul olmağınız mümkün sayılsa da, potensialınızı daha hərtərəfli şəkildə göstərmək üçün sizə SAT II imtahanı da təklif edilir. Əvvəlki mərhələdən fərqli olaraq, SAT II imtahanında əsas fokus tarix, kimya, biologiya və s. kimi orta məktəb fənnlərinin üzərində olur.

GMAT

GMAT xaricdə təhsil qəbul imtahanı ABŞ başda olmaqla, dünyanın bir çox yerlərində magistr, ələlxüsus da, MBA təhsili almaq üçün iştirakınız tələb olunan başlıca imtahandır. İmtahanda toplaya biləcəyiniz maksimum bal 800-dür. İmtahan 3 hissədən ibarətdir:

  • Verbal – qrammatika, məntiq və oxuduğunuz tekstdən nəticə çıxarma bacarıqlarınız test edilir. Ümumi sual sayı 36-dır.
  • Quantitative – suallar əsasən cəbr və həndəsə fokuslu olur və ümumilikdə 31 sual təqdim olunur.
  • Analytical writing – biznes ilə əlaqəli, yaxud hər hansı ümumi mövzu haqda analitik yazı yazmağınız tələb edilir.

Mütəxəssislər bildirirlər ki, 650-690 bal arası nəticələri yaxşı, 700-dən yuxarı olanları isə əla hesab etmək olar. Buna baxmayaraq,  seçdiyiniz universitetə qəbul olma şansınız rəqabət səviyyəsindən – digər namizədlərin göstəricilərindən asılıdır.

GRE

GRE imtahanının GMAT ilə bir çox ortaq xüsusiyyətləri olsa da, hədəf kütləsi və imtahan strukturunda bir çox fərqlər mövcuddur. Başlıca olaraq qeyd etmək lazımdır ki, GMAT imtahanından fərqli olaraq, GRE imtahanı tək MBA deyil, digər bir çox ixtisaslar, o cümlədən, dəqiq elmlər üzrə magistratura oxumaq istəyənlər üçün də nəzərdə tutulub. 2 növ GRE imtahanı təklif edilir:

GRE General Test

Testin bu mərhələsinin bir çox cəhətləri GMAT testi ilə bənzərlik təşkil edir və 3 hissədən ibarətdir:

  • Verbal Reasoning – təqdim edilən teksti dərk etmə və məntiqi analiz apara bilmə qabiliyyətinizi test edir;
  • Quantitative Reasoning – riyazi konseptləri anlama və tətbiq etmə bacarıqlarınızı sınayır;
  • Analytical Writing – kompleks bir situasiyanı anlama və qarşı tərəfə yazılı surətdə izah etmə bacarıqlarınızı ölçür.

Toplaya biləcəyiniz maksimum bal 340-dır.

GRE Subject Test

İmtahanının bu hissəsisində iştirak məcburi deyildir və daha spesifik sahələri əhatə edir: riyaziyyat, biologiya, kimya, ingilisdilli ədəbiyyat, fizika və fiziologiya (tibb). Funksiya baxımından, GRE Subject Test bakalavr səviyyəsi üçün nəzərdə tutulan SAT II testi ilə oxşarlıq təşkil edir.

Yuxarıda haqqında detallı danışdığımız imtahanlardan savayı, dünya universitetlərinə qəbul və xaricdə təhsil üçün nəzərdə tutulan bir çox digər imtahanlar da mövcuddur (məs: Türkiyə üçün YÖS, ALES). Bundan əlavə dünyadakı çox sayda nüfuzlu universitet bir çox ixtisaslara heç bir əlavə imtahan şərti qoymadan tələbə qəbulu həyata keçirir. Bu səbəbdən, imtahan hazırlıqlarına başlamazdan öncə, hədəfinizi düzgün bəlirləməyi və hədəf olaraq seçdiyiniz ali təhsil ocağının şərtlərini araşdırmağı unutmayın!

Xəbər lenti