Logo

Tarixçi alim: Ermənilərin Göyçədə törətdikləri vəhşilikləri görmüş yüzlərlə şahid var

01.11.2024 10:53 343 baxış
IMG

Azərbaycanlıların Ermənistandan sonuncu deportasiyasına hazırlıq ötən əsrin hələ 60-70-ci illərindən başlanmışdı. Ermənistanda müxtəlif vəzifələrdə olan soydaşlarımız xəbərdarlıq edilmədən işdən çıxarılırdı. Azərbaycanlıların yaşadıqları ərazilərdə onlara hətta Bakı radiosunun verilişlərinə qulaq asmağa belə imkan yaradılmırdı. Kənd təsərrüfatı sahəsində yüksəkixtisaslı kadrlar olmasına baxmayaraq, aqrar sənaye sahəsində bir nəfər də azərbaycanlı yox idi. Gizli anti-Azərbaycan – antitürk təbliğatı tədricən açıq şəkil alırdı. 1987-ci il fevralın 21-də İrəvanda fəaliyyət göstərən yeganə Dəmirbulaq məscidi (XX əsrin əvvəllərində şəhərdə 8 məscid var idi) və M.F.Axundzadə adına orta məktəbin binası, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular.

Bu barədə TƏHSİL.BİZ -ə açıqlamasında BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Hicran Mahmudova söyləyib.

Alim qeyd edib ki, azərbaycanlıların kütləvi surətdə və zorakılıqla çıxarılmasının təşkilatçısı o zaman Ermənistanda Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Sergey Harutyunyan idi. O, bununla bağlı lazımi tapşırıqlar verdikdən sonra Moskvaya “ezamiyyətə” getmişdi ki, sonra guya heç nədən xəbəri olmadığını deyə bilsin. O həmin S.Harutyunyan idi ki, 1965-ci ildə tələbələrin anti-Azərbaycan çıxışlarını təşkil etmişdi. Qriqori Harutyunyanın 1947-1952-ci illərdə başlayıb sona çatdıra bilmədiyi “köçürməni” 1988-ci ildə eyni familiyalı Sergey Harutyunyan qəddarcasına həyata keçirdi.

“1988-ci il fevralın 28-nə olan rəsmi məlumata görə, Qafan rayonundan Zəngilana təqribən iki min nəfər azərbaycanlı qaçqın kimi gəlmişdi. Həmin günlərdə İmişli və Qubadlı rayonlarına da Ermənistandan yüzlərlə qaçqın ailəsi pənah gətirmişdi. Abşeron rayonuna Ermənistandan canını qurtarıb gələn 200 nəfər qaçqını Mərkəzi Komitənin birinci katibi Kamran Bağırov və Moskvadan gələn yüksəkvəzifəli şəxslər qəbul etmişdilər. Gəncədə və Naxçıvanda Ermənistandan azərbaycanlıların təqib edilmələrinə etiraz əlaməti olaraq aksiyalar keçirilirdi”, - deyə H.Mahmudova bildirib.

Müsahibimiz vurğulayıb ki, həmin dövrdə ermənilərin Göyçədə törətdikləri vəhşilikləri görmüş yüzlərlə şahid var. Göyçədə 56 (45 nəfər Basarkeçər, 11 nəfər Çənbərək rayonu ərazisində) nəfər qətlə yetirildi. Rayonun 80 min sakini didərgin düşdü. Azərbaycanın ozamankı rəhbərliyi soydaşlarımızın taleyinə biganə yanaşdı: “Əbdürrəhman Vəzirov bilavasitə ermənilərin tərəfdaşı rolunda çıxış etdi. Deportasiyanı həyata keçirmək üçün erməni tərəfinə nəqliyyat yardımı göstərən Azərbaycan KP MK-nın birinci katibi qaçqınların Azərbaycanın ermənilər yaşayan bölgəsində yerləşməsinə rəsmi qadağa qoydu ki, bunun da çox ciddi nəticələri oldu”.

Tarixçi alim diqqətə çatdırıb ki, 1988-ci il noyabrın 27-dən dekabrın 7-dək daşnak terror qrupları Qərbi Azərbaycanda türksüz Ermənistan dövləti yaratmaq üçün soydaşlarımızın yaşadıqları şəhər və kəndlərə kütləvi basqınlar etdilər: “Allahverdi, Amasiya, Axta, Barana, Basarkeçər, Böyük Qarakilsə, Vedi, Kalinino, Qarakilsə, Qafan, Zəngibasar, Karvansaray, Keşişkənd, Gorus, Mığrı, Soylan, Hamamlı, Çəmbərək və Cəlaloğluda azərbaycanlılar qətlə yetirildi. Ümumiyyətlə, qətlə yetirilən 216 nəfərin 57-si qadın, 23-ü isə uşaq olmuşdu. Bu amansız qətl hadisələrini törədənlərin böyük bir qisminin şəxsiyyəti məlum olsa da, onlardan heç biri nə İrəvanın, nə də Moskvanın hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmədi”.

Xəbər lenti