Logo

“Regionlardakı özəl bağçaların qrant layihəyə geniş şəkildə cəlbi ilə bağlı mexanizmlər düşünülə bilər”

01.11.2024 15:00 137 baxış
IMG

Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl bağçaların boş qalan yerlərinə cəlbi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsi məqsədilə elan etdiyi “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb. Müsabiqəsi çərçivəsində özəl təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.

Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva “Azərbaycan müəllimi” qəzetinin mövzu ilə bağlı suallarını cavablandırıb.

– “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində əlavə nə qədər uşağı məktəbəqədər təhsilə cəlb etmək mümkündür?

– “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” ilk dəfədir həyata keçirilir və əslində bu layihəni ölkəmizdə məktəbəqədər təhsilin inkişafına yönəlmiş yeni bir siyasətin pilot tətbiqi kimi də qiymətləndirmək olar. Bu müsabiqənin əsas məqsədi, məktəbəqədər təhsilə çıxışı olmayan uşaqlara keyfiyyətli təhsil imkanları təqdim etməkdir. Müsabiqənin özəlliyi ondan ibarətdir ki, iştirak edən özəl bağçaların təklif etdiyi təhsil haqqının bir hissəsi, dövlət tərəfindən ayrılan qrantlarla maliyyələşdiriləcəkdir. Bu, valideynlərin maliyyə yükünü azaldaraq, daha çox uşağın məktəbəqədər təhsil alma imkanlarını artırır. Məsələn, əgər övladınızın qəbul olunduğu özəl məktəbəqədər təhsil müəssisəsində aylıq təhsil haqqı 400 AZN-dirsə, siz yalnız 150 AZN-lik hissəsini nağdsız qaydada ödəyəcəksiniz. Qalan 250 AZN isə Elm və Təhsil Nazirliyi tərəfindən ayrılan qrant hesabına maliyyələşdiriləcək. Bu yanaşma, uşaqların keyfiyyətli təhsil alması üçün şərait yaradaraq, onların erkən yaşda təlim-tərbiyə prosesinə daha geniş şəkildə qoşulmalarını təmin edir. Hazırda, qrant müsabiqəsi çərçivəsində www.bq.edu.az portalı üzərindən valideynlərin seçiminə çıxarılmış boş yerlərin sayı 1400-dən çoxdur.

– Müsabiqəyə maraq hansı səviyyədə olub?

– Az öncə vurğuladığım kimi, "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" ilk dəfə həyata keçirilir. Bu yenilik, məktəbəqədər təhsilin inkişafına yönəlmiş ciddi bir addımdır. İlk mərhələdə müsabiqəyə ümumilikdə 42 özəl məktəbəqədər təhsil müəssisəsi müraciət edib. Müraciət edən bütün bağçaların təşkilati-hüquqi sənədləri diqqətlə təhlil edilib, bu prosesin bir hissəsi olaraq həmin bağçaların infrastrukturunun və icra potensialının yoxlanılması məqsədilə onlara yerində baxışın keçirilməsi təmin olunub. Bu baxışlar zamanı bağçaların fiziki şəraiti, tədris və oyun avadanlıqları, müəllim heyəti kimi aspektlərə xüsusi diqqət yetirilib. Beləliklə, yerindəki qiymətləndirmə, hər bir bağçanın təqdim etdiyi təhsil xidmətlərinin effektivliyini və uşaqlara təqdim edilən imkanların səviyyəsini daha dəqiq şəkildə anlamağa kömək etdi. Bu yanaşma, müsabiqəyə daxil olan bağçaların yalnız sənəd üzərindəki tələblərə deyil, həm də real fəaliyyətlərinə uyğun olub-olmadığını yoxlamağa imkan verib.  Nəticədə, 25 bağça seçim mərhələsinə buraxılıb.

Maraqlıdır ki, sənəd qəbulu başa çatdıqdan sonra belə, qrant müsabiqəsi haqqında yeni məlumat əldə edən bir çox bağçadan müraciətlər almağa davam etdik. Bu baxımdan, ilk dövr üçün müsabiqəyə marağın və iştirakçılığın kifayət qədər yüksək olduğunu vurğulamaq mümkündür. Bu da öz növbəsində ölkədə məktəbəqədər təhsilin inkişafına olan ehtiyacı və marağı bir daha göstərir. 

– Növbəti illər üçün bu istiqamət üzrə hədəflər nədir?

– Proqram yeni olduğundan, onun effektivliyini tam qiymətləndirmək və hədəfləri müəyyən etmək üçün dərin təhlilin aparılmasına ehtiyac var. Bu, proqramın məqsədlərinə nə dərəcədə çatdığını öyrənmək, onun uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsi baxımından nə qədər uğurlu olduğunu müəyyən etmək üçün vacibdir. Təhlil prosesində həm layihənin maliyyə aspektləri, həm də özəl bağçaların və cəmiyyətin layihəyə olan marağı, iştirak səviyyəsi diqqətlə öyrənilməlidir. Yalnız bu cür geniş təhlil əsasında proqramın təkmilləşdirilməsinə dair növbəti addımlar və inkişaf etdiriləcək istiqamətlər daha dəqiq müəyyən edilə bilər. Eyni zamanda, proqram çərçivəsində bağçaların tədris səviyyəsi və keyfiyyəti ilə bağlı daha dəqiq meyarlar müəyyən edilməli və monitorinqlər aparılmalıdır. Bu analizlər proqramı daha da gücləndirmək üçün növbəti addımlarımızı dəqiq istiqamətləndirməyə kömək edəcək. Həyata keçirilən və nəzərdə tutulan bütün işlərin əsas məqsədi birdir: daha çox uşağın məktəbəqədər təhsilə çıxışını təmin edəcək genişmiqyaslı və effektiv bir alət yaratmaq.

– Layihə, əsasən, Bakı şəhərini əhatə edir. Ölkənin digər iri şəhərlərində də özəl bağçaların prosesə cəlb olunması nəzərdə tutulur?

– Qrant müsabiqəsi ümumilikdə ölkə üzrə elan olunmuşdu və xüsusi olaraq regional yanaşmalar tətbiq edilməmişdi. Seçilmiş bağçaların əsasən, Bakıda yerləşməsinin səbəblərindən biri ölkədəki özəl bağçaların daha çox məhz burada cəmlənməsidir. Bununla belə, qeyd etmək istərdim ki, seçilmiş bağçalar arasında Şirvan və Biləsuvar rayonlarında yerləşən bağçalar mövcuddur. Bu, onu göstərir ki, layihə ölkənin digər regionlarını da əhatə etməyə hazırdır. Gələcəkdə regionlardan olan özəl bağçaların da layihəyə daha geniş şəkildə cəlb olunması üçün əlavə təşviq mexanizmlərinin yaradılması üzərində düşünülə bilər. 

– Nazirlik qrant ayrılan bağçalara hansı formada nəzarət edəcək?

– Qrant layihəsi çərçivəsində vəsait ayrılan özəl bağçalar üzərində nəzarət mexanizminin olması onların tədris keyfiyyətini və uşaqlara göstərilən xidmətin səviyyəsininin yüksəldilməsi məqsədi daşıyır. Bu nəzarət təyin edilmiş monitorinq qrupları tərəfindən müntəzəm şəkildə həyata keçiriləcək. Monitorinqlər zamanı bağçalarda məzmunun tədris proqramlarına uyğun təşkil edilməsi, sanitar-gigiyenik tələblərə riayət olunma, müəllim heyətinin peşəkarlıq səviyyəsi və qrant layihəsi məqsədlərinə uyğun fəaliyyət göstərmə kimi meyarlar yoxlanacaq. Həmçinin bağçaların hesabatlılığı təmin olunaraq, ayrılan vəsaitin səmərəli istifadə olunması üçün müvafiq maliyyə nəzarəti aparılacaq. Nazirlik nəzarət mexanizmi vasitəsilə layihənin effektivliyini və uşaqların yüksək keyfiyyətli məktəbəqədər təhsil almasını təmin edəcək.

– Uşaq xəstələnib uzun müddət bağçaya gedə bilməzsə, ödəniş davam etdiriləcək? 

– Bu halda ödəniş müəyyən şərtlər daxilində tənzimlənəcək. Əgər uşağın davamiyyəti üzrsüz səbəbdən ardıcıl olaraq pozulubsa, bu halda həmin uşaq növbədə olan başqa bir uşaqla əvəz oluna bilər. Lakin uşağın xəstələnməsi və ya digər üzrlü səbəblər bu vəziyyətə daxil deyil.

Belə hallarda bağçaya uşağın xəstə olduğunu təsdiq edən müvafiq sənəd – tibbi arayış təqdim edilməlidir. Uşaq bağçada təhsilinə bu sənəd təqdim edildikdən sonra davam edə bilər. Bu yanaşma uşağın sağlamlığını ön planda tutmaqla yanaşı, ailələrə də müəyyən dərəcədə dəstək olmağı hədəfləyir. Eyni zamanda, bağçalar üçün də bu, müvafiq resursların səmərəli idarəolunması və uşaqların təhsil prosesinin davamlılığının təmin edilməsi baxımından vacibdir.

– Güzəştli kateqoriyaya aid şəxslərin övladları üçün imtiyazlar tətbiq edilir?

– Bəli, güzəştli kateqoriyaya aid şəxslərin övladları üçün xüsusi imtiyazlar mövcuddur. İmtiyazlar uşaqların özəl məktəbəqədər təhsil müəssisələrinə yerləşdirilməsi prosesində xüsusi olaraq nəzərə alınır. İlk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, tək işləyən valideynlərin, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan valideynlərin, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsil alan anaların, çoxuşaqlı ailələrin (6 və daha çox uşaq) övladları və qəyyumluqda olan uşaqlar bağçaların boş yerlərinə yerləşdirilir. Bu yanaşma sosial ədaləti təmin etmək baxımından son dərəcə önəmlidir.

– Layihə ilə bağlı geridönüş alırsınızmı? Fikirlər necədir?

– Bəli, layihə ilə bağlı mütəmadi olaraq geridönüşlər alırıq. Bu geridönüşlər həm bağçalar, həm valideynlər, həm də ictimaiyyət tərəfindən gəlir. Onlar proqramın tətbiqi ilə bağlı fikirlərini, təkliflərini və gözləntilərini paylaşır, suallarını verirlər. Bütün bunlar bizim üçün son dərəcə dəyərlidir.

Aldığımız geridönüşlər proqramın inkişafını və keyfiyyətini artırmaq məqsədilə bir vasitə kimi istifadə olunur. İştirakçılar layihənin uğurlu tərəflərini və qarşılaşdıqları çətinlikləri dilə gətirərək, bizə daha effektiv strategiyalar inkişaf etdirməkdə kömək edirlər. Bu baxımdan geridönüşlər yalnız layihənin müvəffəqiyyəti üçün deyil, həm də məktəbəqədər təhsilin ümumi keyfiyyətinin artırılması üçün əhəmiyyətlidir. Biz bütün iştirakçıların fikirlərini dəyərləndirir və onların töhfələrini proqramın daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli bir mənbə hesab edirik.

Xəbər lenti