Logo

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında ikili diplom proqramları müzakirə olunub

01.11.2024 12:59 164 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qazaxıstana səfəri çərçivəsində Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin rektoru Meyram Beqentayev ilə görüşüb.

BDU-dan Tehsil.biz-ə bildirilib ki, görüşün məqsədi iki universitet arasında qurulmuş tərəfdaşlıq əlaqələrini genişləndirmək, birgə layihələr həyata keçirmək və elmi-texniki inkişaf sahəsində müasir yanaşmaların tətbiqinə dair fikir mübadiləsi aparmaq olub.

Görüşdə rektor Meyram Beqentayev rəhbərlik etdiyi universitetdə həyata keçirilən tədris və tədqiqat prosesindən danışıb, eləcə də Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.

Sonra rektor Elçin Babayev BDU-nun tədris və tədqiqat sahəsində son illərdə əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. O, iki ölkə arasında mövcud olan möhkəm əlaqələrin təhsildə və elmdə də dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə iki universitet arasında əməkdaşlıq istiqamətləri, xüsusilə də BDU-nun Kimya fakültəsi və Qazax Milli Tədqiqat Texniki Universitetinin Kimya və Bioloji Texnologiyalar İnstitutunun magistratura proqramı bazasında neft kimyası ixtisaslaşması üzrə ikili diplom proqramının icra vəziyyəti müzakirə olunub. Bundan başqa, elmi tədqiqatların və innovativ layihələrin həyata keçirilməsinə dair xüsusi əməkdaşlıq proqramlarının yaradılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin tələbə və müəllim heyətinin mübadiləsi üçün ikitərəfli proqramlar yaratmaq barədə razılığa gəlinib.

Tərəflər müasir texniki ixtisaslar üzrə yeni ikili diplom proqramlarının yaradılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu proqramlar tələbələrə hər iki universitetin akademik dərəcələrini əldə etmək imkanı yaradacaq və onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıracaq.

Xəbər lenti