Gəncə Dövlət Universitetində (GDU) COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri və onların aradan qaldırılması yolları” mövzusunda elmi konfrans keçirilib.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla anılıb.
Gəncə Dövlət Universitetinin V tədris korpusunda təşkil edilən konfrans iştirakçıları ekologiyanın müxtəlif sahələrinə aid kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub.
Sonra COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə bildirib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması prioritet məsələ olub. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Azərbaycanda ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verilir.
Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan elmi tədqiqatlardan söhbət açıb. Bildirib ki, 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağın flora və faunası məhv edilib, kənd təsərrüfatı ciddi ziyan görüb. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz “boz zona”nın “yaşıl zona”ya çevrilməsinə imkan yaradıb.
Elmi konfransda Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxış edərək COP29 tədbirinin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıblar.
Konfrans plenar məruzələrlə davam edib. Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov, Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyev, Ətraf mühitin mühafizəsi kafedrasının müdiri, professor Elşad Məmmədov, AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dosenti Azad Kərimov, AMEA-nın Gəncə bölməsinin əməkdaşı Elnur Həsənov, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Mədinə Abışova və GDU-nun Ekologiya ixtisasının tələbələrinin məruzələri dinlənilib.
Elmi konfrans başa çatdıqdan sonra ağacəkmə aksiyası keçirilib.