Bakı Dövlət Universiteti (BDU) rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova ilə Abay adına Qazax Milli Pedaqoji Universitetinin beynəlmiləlləşmə və strateji inkişaf üzrə prorektoru Aygül İskakova, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Bayan Saparqaliyeva, Beynəlxalq proqramlar və əməkdaşlıq şöbəsinin müdiri Aygerim Tavıldiyeva arasında görüş keçirilib.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüş iki universitet arasında beynəlxalq əməkdaşlıq və tələbə mübadiləsi imkanlarını müzakirə etmək məqsədi daşıyıb. Görüşün əsas mövzularından biri rəqəmsal platforma və alətlərdən istifadə etməklə təhsil proqramlarının hazırlanmasına yönəlmiş beynəlxalq layihələrdə birgə iştirak perspektivləri olub.
Görüşdə BDU və Abay adına Qazax Milli Pedaqoji Universitetinin tələbələri üçün beynəlxalq qarşılıqlı fəaliyyət çərçivəsində təlim və təcrübə keçməyə imkan verəcək akademik mübadilə proqramlarının təşkilinə xüsusi diqqət yetirilib. Bu proqramlar tələbələrin rəqəmsal bacarıqlarını təkmilləşdirməyə kömək edəcək. İki universitet arasında əməkdaşlığın akademik mobilliyin gücləndirilməsi və tədris prosesinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım olacağına, bunun da öz növbəsində tələbələrin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıracağına əminlik vurğulanıb.
Tərəflər rəqəmsallaşma və akademik mübadilə üzrə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.