Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Daxili nəzarət şöbəsinin təşəbbüsü və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakı şəhəri Lökbatan qəsəbəsi Neftçi Qurban Abbasov adına 288 nömrəli tam orta məktəbində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, YAP İdarə Heyətinin üzvü Vazeh Əskərov və ADNSU bir qrup professor-müəllim heyətinin iştirakı ilə məktəbin müəllimləri və yuxarı sinif şagirdləri ilə görüş keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə çıxış edən rektor V.Əskərov Qurban Abbasovun neftçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərdiyini, öz zəngin təcrübəsini gənclərlə daim bölüşdüyünü xatırladıb. Vazeh Əskərov gələcək neftçi kadrların yetişməsi, məktəblilərdə bu peşəyə həvəsin yaradılması məqsədilə neftçi Qurban adına tam orta məktəblə rəhbərlik etdiyi universitet arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün məktəbin müəllim və şagirdlərini universitetə dəvət edib. Məktəbdə kimya, fizika və riyaziyyat fənləri üzrə universitet müəllimlərinin iştirakı ilə açıq dərslərin, konfransların və digər tədbirlərin təşkil olunması nəzərdə tutulur. Görüşün gedişində ADNSU haqqında sənədli film də nümayiş olunub.
Tədbirdə məktəbin direktoru Aygün Hüseynova, Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev, Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi Fərhad Cəfərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Tural Hətəmov, Neftçi Qurbanın yaxın qohumu, Prezident təqaüdçüsü Nizami Orucov, professor Eldar Süleymanov, şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbirin sonunda məktəbin həyətində ağacəkmə aksiyası keçirilib.