Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən Narxoz Universitetində olub.
Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib. BDU rektorunun müşavirləri Asiman İlyasov və Şəbnəm Səfərovanın, Narxoz Universitetinin inkişaf və beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Aigerim Raimzhanovanın iştirakı ilə keçirilən görüşdə beynəlmiləlləşmə, elmi-tədqiqat və təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Nümayəndə heyəti son illərdə BDU-da rəqabətqabiliyyətliliyin artırılması istiqamətində görülmüş işlərə, eləcə də strateji fəaliyyət istiqamətlərinə dair geniş təqdimatla çıxış edib.
Aigerim Raimzhanova əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün səmərəli olacağını, eləcə də Azərbaycanın ən qədim və böyük universiteti olan BDU ilə əməkdaşlığın gələcəkdə daha yüksək formada inkişaf etdiriləcəyinə əminliyini bildirib.