Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” İctimai Birliyinin təşkilatçılığı, BDU Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Qəhrəmanını tanı” layihəsi çərçivəsində Vətən müharibəsi qaziləri ilə tələbələrin görüşü keçirilib.
Universitetdən Tehsil.biz-ə bildirilib ki, tədbirdə Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın, qazilərimizin gənclər arasında tanıdılması, onların şərəfli döyüş yolunun təbliği istiqamətində BDU-da həyata keçirilən layihələrdən danışıb.
Azərbaycan Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, ATGTİ-nin nümayəndəsi Aqil Quliyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı Əhliyət Mehdiyev çıxışlarında şəhid ailələrinə, qazilərə diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, Vətən müharibəsi qəhrəmanlarının gənclər arasında təbliğində, təhsil müəssisələrində vətənpərvərlik ruhunun formalaşmasında, qəhrəmanlarımızın tanıdılmasında tələbə təşkilatlarının rolu danılmazdır.
Sonra Vətən müharibəsi qaziləri Əhməd Abbasov, Şərbət Mahmudov, Asif Məmmədov, Qəzənfər Ağayev və Müseyib Qəhrəmanov keçdikləri döyüş yolundan danışıb, tələbələri maraqlandıran sualları cavablandırıblar.