Logo

Gəncədə Vətən müharibəsindəki qələbəmizə həsr olunan seminar-müşavirə baş tutub

23.09.2021 18:13 564 baxış
IMG

Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar-müşavirə keçirilib.

Tehsil.biz xəbər verir ki, karantin qaydalarına əməl olunmaqla təşkil edilən tədbirdə millət vəkilləri, ziyalılar, şəhərin ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər, din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər  Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaradıb. Qələbəmizin təmin olunmasında xalqımızın birliyi, həmrəyliyi, milli-mənəvi dəyərlərimiz, multikultural cəmiyyətimiz böyük əhəmiyyət daşıyıb.

Tədbirdə iştirak edən millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov öz çıxışlarında Azərbaycan xalqının sərvəti olan milli-mənəvi dəyərlərdən söhbət açıblar. Rəsmilər qeyd ediblər ki, düşmənə qarşı səngərdə birləşən və Azərbaycanın bütövlüyü uğrunda canını ortaya qoyan oğullarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində Prezidentimizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Biz birlikdə güclüyük” və “Qarabağ Azərbaycandır!” şüarlarını özləri üçün həyat fəlsəfəsinə çeviriblər. Belə bir gücün qarşısında isə heç bir düşmən davam gətirə bilməzdi, elə gətirmədi də. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi.

Çıxış edən Dövlət Komitəsinin əməkdaşı Elmar Fətəliyev tədbir iştirakçılarına Vətən müharibəsi zəfərində milli-mənəvi dəyərlərin rolu haqqında geniş məlumat verib. O bildirib ki, düşmənlərimiz ötən 30 ilə yaxın müddətdə Azərbaycan xalqının milli dəyərlərinə qarşı vandal münasibət bəsləyib, milli keçmişimizi özündə əks etdirən tarixi, dini abidələrimizə qarşı soyqırımı həyata keçiriblər. 28 il düşmən işğalında qalan, Prezident İlham Əliyevin diplomatik səyi nəticəsində qan tökülmədən düşməndən azad olunan Ağdam rayonu “Qafqazın Xirosiması” adlandırılmaqdadır. 1990-cı illərin əvvəlinə kimi nəinki respublikamızda, hətta ümumittifaq səviyyəsində mədəniyyəti, tarixi, sənayenin inkişafı, abadlığı ilə göz oxşayan Ağdam rayonu ermənilər tərəfindən yerlə-yeksan edilib. Ermənilər ötən 30 il ərzində İslam dininə mənsub tarixi abidələrlə yanaşı, həm də xristian-alban məbədlərini də ya yerlə-yeksan etməyə, ya da özününküləşdirməyə çalışıblar. Həmin tarixi abidələrdən Azərbaycanın izini silməyə çalışanlar elə dərk ediblər ki, bununla da özlərinə saxta tarix düzəldə bilərlər. Amma bu, mümkün deyil. Çünki həmin ərazilər, orada olan abidələr və o abidələrin xüsusiyyətləri, tikilişləri birmənalı şəkildə Azərbaycan tarixinin bir hissəsidir. Hazırda Azərbaycanın qəlbi Qarabağla, Vətən müharibəsi zəfəri ilə döyünür. Necə ki, 2020-ci ilin sentyabrında hər bir azərbaycanlı ölkə Prezidenti İlham Əliyevin bir çağırışı ilə müsəlləh əsgərə çevrilərək torpaqlarımızı işğaldan azad etmək üçün əlinə silah aldı, bu gün də hər birimiz bu qələbənin möhkəmlənməsi üçün çalışmalıyıq.

44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Amal Əhmədovun anası Fəridə xanım çıxışında şəhidliyin uca zirvə olduğunu qeyd edib. Amal Əhmədovun milli ruhda böyüdüyünü  və döyüşlərə könüllü olaraq qatılaraq şəhidlik zirvəsinə ucaldığını söyləyən şəhid anası övladı ilə fəxr etdiyini vurğulayıb. Çıxışının sonunda şəhid analarına Qurani-Kərim kitabı hədiyyə edilib.

Sonda DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr olunan kitablar tədbir iştirakçılarına təqdim olunub.

Xəbər lenti