Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov yeni tədris ilinin başlanması ilə əlaqədar Ali Məktəbin müvafiq şöbələrinin əməkdaşları və müəllim-professor heyəti ilə onlayn iclas keçirib.
Tehsil.biz xəbər verir ki, iclasda rektor pandemiya şəraitində yeni tədris ilinə hazırlıq, təhsil prosesi və dərslərin təşkili ilə maraqlanıb.
Rektora 2021-2022-ci tədris ilində BANM-ə qəbul göstəriciləri, qəbul sayı ilə bağlı məlumat verilib. Bildirilib ki, bu il də qəbul planı üzrə yüksək göstəricilərə nail olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) 2021-2022-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında yüksək bal toplayan abituriyentlərin seçimi yenə BANM olub.
Bu il qəbul imtahanında ən yüksək bal toplayaraq Azərbaycan birincisi olan Əbil Şəfiyev BANM-in tələbəsi adını qazanıb. O, Ali Məktəbin Kimya mühəndisliyi ixtisasına qəbul olunub. Eyni zamanda, DİM-in II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında ən yüksək nəticə əldə edən Əflan Bədəlov da BANM-in tələbəsi adını qazanıb. O, yeni açılmış Biznesin idarə edilməsi ixtisasına qəbul olunub.
İclas zamanı Elmar Qasımov pandemiya şəraitində təhsil və tədrisin təşkili ilə bağlı göstəriş və tövsiyələrini verib. Rektora BANM-in yeni tədris ilinə Nazirlər Kabinetinin təhsil müəssisələrində tədrisin, təlim-tərbiyə prosesinin təşkilinin qaydalarına uyğun tam hazır olması barədə məlumat verilib.
Bu il, həmçinin BANM-in yaranmasının 10-cu ildönümüdür. Bununla bağlı rektor Elmar Qasımovun əmri ilə Tədbirlər planı təsdiqlənib. İclas zamanı, həm də Tədbir planının gedişatı ilə bağlı müzakirələr aparılıb.