Sentyabrın 27-29-da Türk Dünyası Araşdırmaları Vəqfinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı keçiriləcək.
UNEC-dən Tehsil.biz-ə verilən xəbərə görə, konfransda Türkiyənin elm və təhsil sahəsi üzrə bir sıra rəsmiləri, Türk dövlətlərinin aparıcı universitetlərinin rektorları və nüfuzlu alimləri də iştirak edəcəklər.
Konfransın açılışından öncə ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunacaq, eləcə də UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan yeni Memorial-Xatirə Kompleksinin açılışı olacaq.
3 gün gün davam edəcək konfransda postkovid dövründə Türk Dünyası dövlətləri arasında təhsilin inkişafı, yeni əməkdaşlıq imkanları, eləcə də Qarabağ Zəfərinin Türk Dünyası ölkələrinə iqtisadi təsirləri ilə bağlı geniş və maraqlı müzakirələr aparılacaq, təkliflər irəli sürüləcək.
Sentyabrın 28-də xarici qonaqların Ağdam şəhərinə səfəri də nəzərdə tutulub.