Logo

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslərin nəzərinə

24.09.2021 10:55 904 baxış
IMG

2021-ci il oktyabrın 5-dən etibarən zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə  namizədlərin elektron qeydiyyatı başlanacaq.

Tehsil.biz xəbər vrerir ki, sertifikat almaq üçün ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hazırda işləyən, məhkumluğu olmayan, yaşı 25-45 arasında olan fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər. Namizədlər ilk növbədə Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olub özlərinə “Şəxsi kabinet” yaratmalı, daha sonra isə verilən link (https://eservices.dim.gov.az/nez_sertifikat/registerlogin.aspx) vasitəsilə qeydiyyatdan keçməlidirlər. 

Namizədlər qeydiyyatdan keçdikdən sonra onların elektron poçtuna göndərilən bildirişdə qeyd olunan tarix və yerdə aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

Elektron sistemə daxil etdiyi anket;
Şəxsiyyət vəsiqəsi;
Ali təhsil haqqında sənədin əsli (diplom);
İş yeri haqqında arayış;
Məhkumluğun olmaması barədə arayış.
Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatları dəqiqləşdirilir. Müsahibənin nəticəsi məqbul olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin  elektron poçt ünvanına göndərilir. İntellekt səviyyəsini yoxlayan test imtahanından ən azı 40% nəticə göstərən və psixometrik testin nəticəsi məqbul olan namizədlər növbəti mərhələyə buraxılır və təlimlərə cəlb edilir.

Təlimlər intensiv formada – iki gün ərzində keçirilir. Təlimlərin vaxtı və yeri barədə məlumat qruplar komplektləşdirildikdən sonra namizədin elektron poçt ünvanına göndərilir.

Namizəd təlimləri uğurla başa vurduqdan sonra imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına dəvət olunur. Bu imtahandan da müvafiq nəticə əldə edənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına daxil edilir.

İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış zal nəzarətçilərinə üstünlük verilir.

Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesində ümumi intellekt səviyyəsini yoxlayan test imtahanı və təlimlər mərhələsi ödənişlidir.

“Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma prosesinin bütün ödənişlərindən azaddırlar.

Elektron qeydiyyatla bağlı suallarınız yaranarsa, [email protected] ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları 
https://eservices.dim.gov.az/nez_sertifikat/nezaretci_sertifikat_qaydalar.pdf

Xəbər lenti