Logo

FHN Akademiyasında kursantlar və valideynləri ilə görüş keçirilib

24.09.2021 16:03 343 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında kursantlar və onların valideynləri ilə görüş keçirilib.

Tehsil.biz-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, görüşü giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev kursant adını qazanmış gənclərin valideynlərini təbrik edib, övladlarının məhz FHN Akademiyasında təhsil alması qərarına görə onlara təşəkkürünü bildirib.

Akademiyanın rəisi çıxışında qeyd edib ki, builki kursantların Akademiyaya qəbul olunması mühüm tarixi dövrə təsadüf edir. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsi zamanı 30 illik erməni işğalına son qoyulub və ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa edilib.

Rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən danışan B.Salayev 2009-cu ildən fəaliyyətə başlayan FHN Akademiyasının qarşısında duran ən başlıca vəzifənin xüsusi ixtisaslı ali təhsilli kadrların yetişdirilməsi və onların vətənpərvərlik, dövlət və dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə edilməsi olduğunu vurğulayıb.

Akademiyanın əsas fəaliyyət istiqamətlərindən söz açan Baba Salayev bildirib ki, Akademiyada müasir tələblərə cavab verən xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, tədris-təlim prosesinin keyfiyyətinin artırılması, maddi-texniki bazanın təkmilləşdirilməsi və s. istiqamətlərdə ciddi işlər həyata keçirilir.

Akademiya rəisinin müavinləri polkovnik İlham Babaşov və polkovnik Aslan Hüseynov öz çıxışlarında kursantlar üçün yaradılmış şəraitdən, tədris, təlim-tərbiyə işlərinin yüksək səviyyədə qurulmasında valideyn münasibətlərinin əhəmiyyətindən bəhs ediblər.

Görüşdə çıxış edən valideynlər keçirilən səmərəli görüşə və onların övladları üçün yaradılmış hərtərəfli şəraitə görə təşəkkürlərini bildiriblər.

Görüşdən sonra valideynlər Akademiyanın şəraiti ilə yaxından tanış olublar.

Xəbər lenti