23-24 sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetə yeni qəbul olmuş I kurs tələbələri ilə görüşüb. Görüş Koronavirus (Covid-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş zəruri göstərişlər nəzərə alınaraq baş tutub. Kimya-texnologiya, Geoloji-kəşfiyyat, Qaz-neft-mədən, Neft-mexanika və Energetika fakültələrinin tələbələri ilə görüşdə ilk olaraq 44 günlük Vətən müharibəsində, həmçinin birinci Qarabağ müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tehsil.biz xəbər verir ki, rektor Mustafa Babanlı sentyabrın 29-dan etibarən universitetdə ənənəvi formatda tədrisə start verilməsi üçün yaradılmış şərait haqqında tələbələrə məlumat verib. Bildirib ki, universitetdə yaxşı təhsil vermək üçün hər bir imkan yaradılıb. Həm peşəkar professor-müəllim heyəti, həm də universitetdə yaradılmış texnki imkanlar tədris və təhsilin keyfiyyətinin yüksəldilməsində əsas faktorlardandır. Hazırda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində mühüm işlərin görüldüyünü xatırladan rektor universitetdə təhlükəsiz və sağlam təhsil üçün mühüm işlərin görüldüyünü deyib. O, qeyd edib ki, koronavirusla bağlı İşçi Qrupun yaradılması, universitetin inzibati binasında hər mərtəbədə izolyasiya otaqlarının ayrılması, giriş-çıxışın şaxələndirilməsi, dezinfeksiya işlərinin təşkili və s. bu qəbildən olan işlərdir.
Görüşdə tələbələrin biliyinin qiymətləndirilməsi, tələbə və müəllimlər üçün vahid platforma olan elektron universitet sistemindən də danışan rektor professor-müəllim heyətinə və tələbələrə yeni tədris ilində uğurlar arzu edib.