Muxtar respublikanı yaxından tanımaq məqsədilə ölkənin müxtəlif bölgələrindən universitetdə təhsil alan tələbələrin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, “Duz muzeyi” və “Duzdağ Fizioterapiya Mərkəzi”nə gəzintisi təşkil edilib.
Tehsil.biz-in xəbərinə görə, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olan tələbələrə məlumat verilib ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Şəhərin cənub-şərqində yerləşən bu tarixi qalanın inşa tarixi 632-652-ci illərə aid olunur. Vurğulanıb ki, müharibələr nəticəsində qala bir neçə dəfə dağıdılıb və bərpa edilib. 2010-cu ildə tarixi ərazidə yenidənqurma və bərpa işləri aparılaraq qalanın əvvəlki görkəmi özünə qaytarılması ümumilikdə, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində olan tələbələrin diqqətinə çatdırılıb ki, bu iqamətgah Ehsan xanın atası Kəlbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Vurğulanıb ki, bu qədim mədəniyyət incisi Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb.
Daha sonra tələbələr Naxçıvan “Duz muzeyi” ndə olan tələbələrə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 25-də Naxçıvan şəhərindəki “Duzdağ” otelində istifadəyə verilən Duz Muzeyi Naxçıvanın qədim tarixinin təbliği baxımından mühüm rol oynayır. Qeyd edilib ki, muzeydə 80-dən çox eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş etdirilir. Ekspozisiyada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və Prezident İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri yer alıb.
Sonda tələbələr Duzdağ Fizioterapiya Mərkəzində olan zaman məlumat verilib ki, tənəffüs yollarının qeyri-spesifik xəstəlikləri, allergiya, xüsusilə bronxial astmadan əziyyət çəkənlər müalicə olunur. Muxtar Respublikanın tarixi-memarlıq abidələri və turizm məkanlarının tanıdılması, eləcə də təbliği məqsədilə təşkil edilən ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb.
Günay Hüseynova- “Jurnalistika” II kurs