Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri” adlı onlayn-tələbə elmi seminarı keçirib. Seminarda açılış nitqi ilə çıxış edən ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Qarabağ “əjdaha” xalçalarının minillik tarixi və mənşəyindən danışaraq, onların hər zaman unikal bədii-texniki xüsusiyyətləri və qədim rəmzi ilə seçildiklərini xüsusi vurğulayıb. O, həmçinin Azərbaycanın xalçaçılıq sənətində ənənəvi Çin simvolları olan əjdahaların və fenikslərin, bulud motivlərin meydana gəlməsinin Azərbaycanın Çinlə Böyük İpək Yolu üzrə sıx ticarət və mədəni əlaqələri ilə bağlı olduğunu qeyd edib.
R.Abbasov həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər, Ağdam, Füzuli filiallarının açılışında iştirak edərkən «xalça sənəti bu gün bizim milli sənətimizdir, milli sərvətimizdir və haqlı olaraq hesab edirik ki, xalçaçılıq sənətinin vətəni Azərbaycandır» deyə qeyd etdiyi sözləri xatırladıb.
ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri seminarda Səfəvi dövrünün məşhur Qarabağ “əjdahalı xalçalarının” dizaynının və bədii ənənələrinin əsas motivlərinin – “Qasımuşağı”, “Xətai”, “Malıbəyli”, “Bəhmənli”, “Çələbi”, orta əsr rəssam və şair Sadiq bəy Əfşarın boyakarlığına dair traktatda təsvir olunan Azərbaycan xalçalarla “əjdaha xalçaları” ornamental obrazlarının özəlliklərinin yaranması və formalaşmasına həsr olunmuş məruzələrlə çıxış ediblər.