Logo

Haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar

25.09.2021 13:44 686 baxış
IMG

 Tarixi faktlardanda bəllidir ki, ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.  
        Ötən illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmiş, daim ərazilərimizdə təxribatlar törətmişdir. Növbəti silahlı təxribatı 2016-cı ilin aprel ayında dövlətimizə, xalqımıza qarşı törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuş və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi, Lələtəpə ərazisi, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq sahəsi uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Yaralı əsgər və zabitlərin  bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Ordumuz daim nizam-intizam hökm sürür və döyüş qabiliyyəti yüksək səviyyədədir.  
        2020-ci il 12 iyulda baş vermiş Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən erməni silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaçdı. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəldilər. General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, mayor Namiq Əhmədovun, mayor Anar Novruzovun və başqalarının şəhid olması xalqı bir yumruq altında birləşdirdi. Onların qanları yerdə qalmadı, qisasları alındı. 
        44 günlük Vətən müharibəsində də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə əsgər və zabitlərimiz tərəfindən qəhrəmanlıq göstərildi, arxa cəbhədə çalışan hər bir mülki şəxs əzm və iradə nümayiş etdirdi. Məhz, bu uğur möhtərəm prezident cənab İlham Əliyevin “Dəmir yumruq” siyasətinin uğurlu nəticəsidir. Prezidentin illər əvvəl başlatdığı bu uğurlu siyasət Azərbaycanı zirvələrə qaldırdı. Xalqımızın bir yumruq kimi birlik və həmrəylik sərgiləməsi nəticəsində düşmənə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Həmvətənlərimizin bir çoxu şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Müzəffər ordumuzun bu gün yazdığı tarix Azərbaycanın sabah daha da güclü inkişafını, çiçəklənməsini şərtləndirdi. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amilə çevrildi. Azərbaycan hər zaman olduğu kimi, bu gün də mübariz övladlarının şücaətini, qəhrəmanlığını yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur, həmçinin müharibədə mərdliklə döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramını bildirir. Mənfur düşmən Qarabağdakı məscidlərimizin, ziyarətgahlarımızın və türbələrimizin demək olar ki, hamısını məhv edib. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, o məscidlər, ziyarətgahlar, türbələr bərpa ediləcək. Allahdan arzumuz odur ki, qalibiyyətimiz daimi olsun, dövlətimiz daim inkişaf etsin. Bütün dünyada bizim qalibiyyətimiz öyrənilir. Allah bizə hər zaman böyük müjdələr qismət etsin! Vətən uğrunda canlarını fəda etməklə Azərbaycanın şanlı zəfər tarixini öz qanları ilə yazan şəhidlərimiz heç vaxt unudulmayacaq. Hər bir kəs şəhidlərimizlə fəxr edir və onların valideynləri qarşısında baş əyir. 
        Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında ölkə Prezidenti tərəfindən 2 dekabr 2020-ci il tarixli sərəncam imzalanması da bunun parlaq ifadəsidir. Xatırladaq ki, bu sərəncamla hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək. Dekabrın 3-də isə Azərbaycan Prezidenti İlham Əliyev “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” sərəncam imzalayıb. Sənədə əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilməsi qərara alınıb. Həmin gün–dekabrın 4-də ölkəmizin hər yerində – idarə və müəssisələrdə, küçə və parklarda insanların, necə deyərlər, bir gözündə fərəh, bir gözündə kədər var idi. Sevinc 30 ildən bəri erməni qəsbkarlarının işğalı altında olan Qarabağımızın cəmi 44 gün ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi ilə yaşanan parlaq qələbənin məntiqi nəticəsi, kədər isə vətənimizin azadlığı uğrunda canından keçən və əbədiyyətə qovuşan şəhidimlərimizin qəlblərdə yaşatdığı ağrıacı idi. O gün saat 12:00-da respublikamızın bütün guşəsi bir dəqiqəlik sükuta qərq oldu. Hamı əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Məscidlərdə keçirilən mərasimlərdə şəhidlərimizin ruhlarına dualar oxundu, namaz qılındı. Mərasimlərdə əldə etdiyimiz tarixi zəfərin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın şücaətli oğullarının sayəsində mümkün olduğu diqqətə çatdırıldı. Torpaqlarımızı qanı bahasına azad edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilənildi. 
          Bu gün 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bundan fərəhli heç nə ola bilməz. Torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir.

İmişli Rayon Mədəniyyət Mərkəzinin təşkilatçısı: Pərvin Yaqubova

Xəbər lenti