24 sentyabr 2021-ci il tarixində BDU-nun Tarix, Mexanika-riyaziyyat, Coğrafiya və Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunmuş “Tariximizin ən parlaq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib.
Tehsil.biz bildirir ki, giriş sözü ilə çıxış edən Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev Azərbaycanın müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbənin tariximizin ən şanlı səhifəsi olduğunu vurğulayıb, Xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdiyini qeyd edib.
Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri, BDU-nun dosenti Bəxtiyar Nəbiyev Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq onların hər birinin fəxr, qürur yerimiz olduğunu bildirib. Azərbaycan xalqının fəxri olan şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını qeyd edib.
BDU-nun kafedra müdiri, professor Məqsəd Qocamanov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Geologiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev, Vətən müharibəsi qazisi, BDU-nun məzunu Rasim Nəsibov çıxışlarında 44 günlük Vətən müharibəsindən, düşmən üzərində əldə edilən tarixi zəfərin önəmindən söz açıb, Vətən müharibəsində qazanılan zəfərin 30 illik erməni işğalına son qoyulduğu, əsrlər sonra da bu zəfərin qürurla anılacağını, tarixi zəfərin qazanılmasında xidmətləri olan şəxslərin ehtiram hissi ilə yad ediləcəyini bildiriblər.
Tədbirin sonunda tələbələrin ifasında şeirlər səsləndirilib, “Xudayar təsnifi” ifa edilib.